16 Oktyabr 2018 00:01
1 010
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün yenidən Lerik rayonundayam, çox şadam ki, sizinlə görüşürəm. Bu, mənim Prezident kimi Lerik rayonuna dördüncü səfərimdir. Əvvəlki illərdə Lerik rayonunun inkişafı ilə bağlı bir çox önəmli qərarlar verildi. Bu qərarların icrası nəticəsində rayonun inkişafı sürətlə getməyə başladı. Əlbəttə, ilk növbədə, biz Lənkəran-Lerik yolunun çəkilişi ilə məşğul olduq. 2005-ci ildə müvafiq göstəriş verilmişdi və yol çəkildi. Əvvəllər də yol olub, amma çox bərbad vəziyyətdə idi və yolun çəkilişindən sonra Lerikdə inkişaf daha da sürətlə getməyə başladı. Bu ilin yayında mənə məlumat verildi ki, yol artıq sıradan çıxıb və Prezidentin ehtiyat fondundan 5 milyon manat vəsait ayrıldı və yol yenidən çəkilməyə başlanmışdır. Qalan vəsait də Dövlət İnvestisiya Proqramından ayrılacaq ki, Lənkəran-Lerik yolu ən yüksək standartlara cavab versin. Deyə bilərəm ki, yol bu gün də yaxşı vəziyyətdədir, ancaq daha yaxşı vəziyyətdə olacaq.

Teleqraf.com xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 15-də Lənkərana səfəri çərçivəsində İstisu və Sağlamlıq Mərkəzinin təqdimatında çıxışı zamanı deyib.

"Bildiyiniz kimi, sovet vaxtında Lerikdə qazlaşdırma aparılmamışdı. Lerik şəhərinin təbii qazla təmin edilməsi üçün müvafiq göstəriş verildi və qaz xətti çəkildi. Bu gün mənə verilən məlumata görə, Lerik rayonunda qazlaşdırma 36 faiz səviyyəsindədir. Rayonun relyefini, dağlarını nəzərə alsaq, hesab edirəm ki, bu, yaxşı göstəricidir. İmkan daxilində Lerik rayonunun qazlaşdırılması ilə bağlı əlavə addımlar atılacaqdır.

Bu gün Lerikdə 16 meqavat gücündə yeni elektrik stansiyasının açılışı nəzərdə tutulur. Beləliklə, bu enerji ümumi sistemə verilərkən nəinki Lerik rayonunun tələbatını, eyni zamanda, bütün cənub zonasının enerji təsərrüfatının dayanıqlığını təmin edəcək. Əlbəttə ki, biz, ilk növbədə, Lerik rayonunu etibarlı enerji mənbəyi ilə təmin edəcəyik.

Bu gün biz artıq Lerik şəhərinin içməli su ilə təminatını qeyd edirik. Bu gözəl hadisə münasibətilə sizi ürəkdən təbrik etmək istəyirəm. Artıq bu layihə icra edildi. Onun icrası üçün çox böyük vəsait ayrıldı və biz buna nail ola bilmişik. İçməli su insan sağlamlığı üçün əsas şərtdir və bundan sonra vətəndaşlar təmiz, ən yüksək standartlara cavab verən içməli su ilə təmin olunacaqlar.

Lerik uzunömürlülər diyarıdır, burada insanlar çox sağlamdırlar. Dünya miqyasında Lerik haqqında kifayət qədər məlumat var. Lerikdə Uzunömürlülər Muzeyi də var. Mən səfərlərimin birində muzeylə tanış olmuşam. Ancaq içməli su layihəsi icra olunandan sonra insanların sağlamlığı daha da yaxşı olacaq.

Bu əsas infrastruktur məsələlərinin həlli göstərir ki, Azərbaycanın bütün bölgələrində, bütün rayonlarında sürətlə iş gedir. Lerik Azərbaycanın ən ucqar rayonlarından biridir. Həm dağlıq ərazidir, həm əsas magistral yollardan uzaqdır. Amma buna baxmayaraq, burada həyat qaynayır, inkişaf gedir, rayonun sosial-iqtisadi göstəriciləri də yaxşıdır. Burada yaradılan müasir infrastruktur insanlara xidmət göstərir və rayonun gələcək iqtisadi, sosial inkişafını təmin edir.

Biz, eyni zamanda, Lerik rayonunda sosial məsələlərin həlli ilə ciddi məşğul olmuşuq. Rayonda 50-dən çox məktəb təmir olunub və ya yenidən tikilib. Mədəniyyət Mərkəzi yaradılıb, mərkəzi rayon xəstəxanası əsaslı şəkildə təmir olunub və müasir avadanlıqla təchiz edilib. Yəni, sosial infrastruktur, elektrik xətləri, qazlaşdırma, su xətləri, yollar – bütün bunlar reallıqdır. Bu gün mən buraya gələrkən yeni kənd yolunun açılışını etdik. Uzunluğu 20 kilometrdən çox olan, bir neçə kəndi birləşdirən, 11 min əhaliyə xidmət göstərən yeni kənd yolu açılıb. Kənd yollarının yenidən qurulması baxımından Lerik Azərbaycanda ən qabaqcıl yerlərdədir. Mənə verilən məlumata görə, son illərdə görülən işlər nəticəsində Lerik rayonunun kəndlərinin 88 faizi müasir yollarla əhatə edilib və yeni layihə, - o da təqribən uzunluğu 20 kilometrdən çox olan kənd yolu layihəsi, - gələn ilin Dövlət İnvestisiya Proqramında nəzərdə tutulub və gələn il biz o yolu da tikəcəyik, vətəndaşların sərəncamına verəcəyik.

Bütün bunları biz regionların sosial-iqtisadi inkişafı Dövlət proqramları çərçivəsində həll etmişik. Bildiyiniz kimi, bu il üçüncü Dövlət Proqramının icrası başa çatır. Proqram artıqlaması ilə icra edilib, biz bunu Lerik rayonunun timsalında görürük. Növbəti illər üçün yeni proqram hazırlanır və indi bölgələrdən təkliflər daxil olur. Mən Lerik ictimaiyyətindən də xahiş edirəm ki, onlar da təklifləri göndərsinlər. Hökumətdə bu proqrama baxılacaq, iqtisadi və sosial məsələlərin həlli növbəti illərdə təmin ediləcəkdir.

Bütövlükdə ölkəmizdə - bütün bölgələrdə, bütün rayonlarda inkişaf sürətlə gedir. Ölkəmizin bu uğurlu inkişafı əlbəttə ki, xalqımızı da sevindirir, Azərbaycanın beynəlxalq nüfuzu, bizim gücümüz artır və iqtisadi sahədə aparılmış düzgün siyasət öz bəhrəsini verir. Azərbaycan iqtisadiyyatı dayanıqlı iqtisadiyyatdır. Biz iqtisadi baxımdan heç kimdən asılı deyilik, biz özümüz öz taleyimizin sahibiyik. Güclü iqtisadiyyat, düşünülmüş iqtisadi siyasət, maliyyə imkanlarımızın genişləndirilməsi imkan verir ki, bütün bölgələrdə, ən ucqar yerlərdə gözəl layihələr icra edilsin. Bu gün Lerikdə açılacaq 16 meqavat gücündə yeni elektrik stansiyası özlüyündə böyük bir infrastruktur layihəsidir. İçməli su, qazlaşdırma – bütün bunları biz öz hesabımıza edirik. Heç kimdən yardım, heç kimdən kredit almadan. İndi kreditlərə də ehtiyac qalmır. Düzdür, biz indi bəzi kreditləri alırıq, ancaq o proses də demək olar ki, dayandırıldı. Biz özümüz bəzi xarici ölkələrə kreditlər veririk və bundan faiz qazanırıq. Yəni, bu gün Azərbaycan, sözün əsl mənasında, öz sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf bütün bölgələrdə özünü büruzə verir, o cümlədən Lerik rayonunda.

Qeyd etdiyim kimi, Lerikə dördüncü dəfə səfər edirəm və bundan sonra da səfərlər olacaq. Əminəm ki, bu gün verilən tapşırıqlar, qərarlar gələcəkdə gözəl nəticələrə gətirib çıxaracaqdır. Lerikin gələcək iqtisadi və sosial inkişafı ilə bağlı əlavə addımlar atılacaq, sərəncam imzalanacaq. Bilirəm, kənd yollarının tikintisi ilə bağlı layihələr hələ ki, gündəlikdədir. Eyni zamanda, məktəblərin tikintisi, ev təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr olacaq. Ona görə bir daha demək istəyirəm ki, sizi narahat edən məsələlər məruzə edilsin və müvafiq göstərişlər veriləcək. Bu günə qədər biz bu yolla getmişik və bu gün gözəl nəticələrə çatmışıq", - İlham Əliyev qeyd edib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər