Azərbaycanda 60 mindən çox Qarabağ müharibəsi veteranı var. Azərbaycanda polk, dviziya olmayıb. Necə ola bilər ki, 60 mindən çox veteran olsun? Azərbaycanda ancaq batalyon olub və onun da tərkibi 200 nəfərdən ibarət olub. Ümumilikdə bizdə batolyonların sayı 30-dan çox olmayıb.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Milli Məclisdə çıxış edən Siyavuş Novruzov bildirib.
Komitə sədri qeyd edib ki, bu məsələdə haqqı olanlar kənarda qalıb:
“Sərhəd bölgəsində yaşayan, müharibədə iştirak edən hər kəs müharibə veteranı olduğunu deyə bilər. Nazirlər Kabineti bunu nəzərə alaraq qərar qəbul edib ki, kimin problemi yaranıbsa, onunla birgə vuruşan döyüş yoldaşları və ya komandiri bunu təsdiq edən müraciət təqdim etməlidir. Yalnız bundan sonra həmin şəxslərə veteran statusu verilə bilər. Əks halda bu, mümkün olmayacaq”
S. Novruzov şəhid ailələrinə verilən müavinatı məsələsinə də toxunub və bildirib ki, burada maddiyyat məsələsinin şişirdilməsinin əleyhinədir: “Biz burada mənəvi tərəfləri əsas götürməliyik. Bu addımın mahiyyəti şəhid ailələrini digər insanlardan fərqləndirməkdir. Bu, millətin, dövlətin şəhidir. Beş manat az oldu və ya çox oldu kimi məsələləri dilə gətirmək düzgün deyil. Bu məsələyə şəhid ailəsinin maddi təminatı kimi baxılmamalıdır”.