Gömrükçülər psixotrop maddə və silah-sursatın gömrük nəzarətinə bəyan edilmədən ölkə ərazisinə gətirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən Teleqraf.com-a verilən məlumata görə, Şimal Ərazi Baş Gömrük İdarəsinin “Samur” gömrük postunda Rusiya Federasiyasından gələn Azərbaycan vətəndaşı gömrük nəzarəti zamanı metal dedektordan keçərkən cihazın reaksiyasına əsasən saxlanılıb və üzərində şəxsi yoxlama aparılıb.
Şəxsi yoxlama nəticəsində, vətəndaşın şalvarının arxa sol cibində kağıza bükülmüş şəkildə, xalis çəkisi 0,082 qram olan psixotrop maddə - apirrolidinovalerofenon (a-PVP) və şalvarının arxa hissəsində bel nahiyəsinə keçirilmiş 4,5 mm kalibrli pnevmatik tapança aşkar edilib.
Əl yüklərinə baxış zamanı isə vətəndaşın çantasında gömrük nəzarətinə bəyan edilməyən 1 ədəd elektroşok, pnevmatik tapança üçün 131 ədəd patron və 4 ədəd tapança hissəsi aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.