Badamdardakı sürüşmə zonasında gərginlik qalmaqdadır.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, Badamdar sürüşmə ərazisində isə saat 18:00-a olan monitorinqin nəticəsinə əsasən, sürüşmənin sol hissəsində müxtəlif istiqamətli yeni çatlar əmələ gəlib.
"Sürüşmənin yuxarı hissəsində yerləşən fərdi yaşayış evinin uçmuş hasarlarında uçqun və töküntü prosesləri qeydə alınıb, sağ hissənin isə asılı vəziyyətdə qaldığı müşahidə olunub. Sürüşmənin digər hissəsində yerləşən fərdi yaşayış evinin divarlarında quraşdırılmış mayaklarda heç bir dəyişiklik qeydə alınmayıb", Qərargahdan bildirilib.
***
15:29
Son monitorinqlərin nəticəsinə əsasən sürüşmə sahəsinin sol hissəsindəki çatlarda müəyyən artım var, istinad divarının solunda yeni qövsvari çatlar əmələ gəlib.
Bu barədə Teleqraf.com-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan bildirilib.
Məlumata görə sürüşmə zonasında Uçqun divarının yanındakı evin hasarında cüzi deformasiya müşahidə olunub.
Sürüşmə zonasında saat 15:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik davam edir: "Sürüşmə sahəsinin yuxarı hissəsində yeni uçqun, töküntü prosesləri müşahidə olunur. Bunun nəticəsində də sürüşmə sahəsinin yuxarı hissəsi fərdi tikililərə doğru irəliləyir. Sürüşmənin sol hissəsindəki torpaq qatında yeni müxtəlif istiqamətli çatlar əmələ gəlib".
***
09:24
Badamdarda sürüşmə sahəsində monitorinqlər davam etdirilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan Teleqraf.com-a verilən məlumata görə, sürüşmə zonasında saat 09:00-a olan monitorinqin nəticələrinə əsasən hasar divarları istiqamətində uçqunların artımı qeydə alınıb.
Evlərin divarlarına qoyulmuş mayaklarda dəyişiklik yoxdur. Torpaq qatı yola doğru gözlə görünəcək dərəcədə irəliləyib.
Ərazidə ümumi stabil gərginlik qalmaqdadir.