19 Oktyabr 2018 15:34
968
12 Punto 14 Punto 16 Punto 18 Punto

İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetində (ADU) dünyada XVIII İtalyan dili həftəsi çərçivəsində “İtalyan dili və şəbəkə, italyan dilinin şəbəkələri” mövzusunda seminarda iştirak edib.

Teleqraf.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla rəhbərlik etdiyi ali məktəbdə digər xarici dillərlə yanaşı italiyan dilinin tədris olunduğunu söyləyib. Onun sözlərinə görə hazırda universitetdə İtalyan dili kafedrası və mərkəzi fəaliyyət göstərir: “İtalyan mütəxəssislər ilə sıx qarşılıqlı əlaqə iki ölkənin alimlərini bir-birinə yaxınlaşdırır. İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellatinin Azərbaycana səfəri bu münasibətləri daha perspektivli istiqamətlərə yönləndirir. Bu yaxınlarda ADU-nun Elmi Şuranın qərarı ilə İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati bu ali təhsil ocağının fəxri doktoru adına layiq görüldü.

İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan-İtaliya arasında ictimai-siyasi, humanitar və elm sahəsində münasibətlərin, xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsində verdiyi töhfələrə görə təltif edilir. Ona həyatında və siyasi fəaliyyətində uğurlar arzu edirəm”, - deyə akademik Kamal Abdulla bildirib.

Universitetin akt zalında İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellatiyə ADU-nun fəxri doktoru diplomunun təqdim edilməsi mərasimi keçirilib. Akademik Kamal Abdulla xanım Maria Elisabetta Alberti Kasellatiyə fəxri doktor diplomu və mantiya təqdim edib.

Sonra o, müəllifi olduğu İtalyan dilinə tərcümə olunmuş “Yarımçıq əlyazma” romanını qonağa bağışlayıb. Senatın sədri öz növbəsində İtaliya Konstitusiyasının müxtəlif dillərə tərcümə olunmuş nəşrlərini ADU-ya təqdim edib.

İtaliya Senatının sədri xanım Maria Elisabetta Alberti Kasellati çıxışında bildirib ki, hazırda İtaliya-Azərbaycan münasibətləri və əməkdaşlıq əlaqələri çox yüksək səviyyədədir:

“Bu gün ADU tərəfindən fəxri doktor adına layiq görülmək mənim üçün çox böyük şərəfdir. Çünki biz bilirik ki, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla universitetin akademik işini yüksək səviyyədə aparır. Əmin ola bilərsiz ki, öz tərəfimdən humanitar, iqtisadi, mədəniyyət və digər sahələrdə İtaliya ilə Azərbaycanın əlaqələrinin inkişafına çox böyük dəstək göstərəcək və bu əlaqələrin inkişafını yaxından izləyəcəyəm. Yüksək səviyyəli ikitərəfli səfərlər, ölkələrimiz arasında mövcud olan bu münasibətlər İtaliya ilə Azərbaycan arasında səmimi dostluğun bariz nümunəsidir. Bu gün dünyada XVIII İtalyan dili həftəsi çərçivəsində “İtalyan dili və şəbəkə, italyan dilinin şəbəkələri” mövzusunda seminar çərçivəsində italyan dilində düşüncə və anlayış müzakirə ediləcək.

Bu tədbirdə ölkəmi şərəflə təmsil etdiyim Senatın, həmçinin İtaliya Respublikasının Azərbaycanda və Azərbaycan Respublikasının İtaliyada səfirlikləri, İtaliyanın bir sıra nüfuzlu universitetləri və Venesiya şəhərində yerləşən Ka Foskari Universitetinin adını çəkmək istərdim. Öz adımdan və İtaliya Respublikasının Senatı adından bu gün burada çıxış etdiyim üçün dərin minnətdarlıq və qürur hissi duyuram”, - deyə İtaliya Senatının sədri Maria Elisabetta Alberti Kasellati söyləyib.

Sonra ADU-nin tələbəsi İtaliya Senatının sədrinə təşəkkür əlaməti olaraq italyan dilində “Amiamo L İtalia” mahnısını ifa edib.

Sonda xanım Maria Elisabetta Alberti Kasellati fəxri qonaqlar üçün xatirə dəftərinə ürək sözlərini yazıb.


Müəllif: Nərgiz

Oxşar xəbərlər