Dünyanın texnoloji baxımdan inkişaf göstəricisinin ən yüksək nəticəsi hələ ki, süni intellektin yaradılmasıdır. Onun simvollarından biri isə Honq-Konqda yerləşən “Hanson Robotics” şirkətinin inkişaf etdirdiyi Sofiya adlı sosial humanoid robotdur.
Bunu sözügedən robotun Azərbaycana gətirilməsini Teleqraf.com-a şərh edən politoloq Nəzakət Məmmədova deyib.
Onun sözlərinə görə, 2017-ci ilin oktyabrında bu süni intellekt əsaslı robot dünyada ilk dəfə olaraq hər hansı bir ölkənin vətəndaşlığını alan ilk robot olub:
“Ona Səudiyyə Ərəbistanı vətəndaşlıq verdi. “Hanson Robotics”in verdiyi məlumata əsasən, Sofiyanın potensial media əhatəsi milyardlarla insan səviyyəsində ölçülür. Bu humanoid robotun Azərbaycan Prezidenti İlham Əliyevlə söhbət zamanı ölkəmiz haqqında dediyi yüksək fikirlər ölkəmizin dünyada yüksək imicə malik olduğunu bir daha təsdiq edir.
Sofiya BMT Baş katibinin müavini Amina Ceyn Məhəmməd, məşhur biznesmen İlon Mask və başqa məşhur şəxslərlə mükalimələrə girib və bu, dünyada böyük maraq doğurub. Sofiyanın Azərbaycanda apardığı dialoq da dünya mətbuatının diqqətini cəlb edir. Sofiyanın Bakıda deyil, məhz İmişlidə təqdim olunması dünyaya həm də Azərbaycanın regionlarının yüksək inkişaf səviyyəsini göstərdi”.
Nəzakət Məmmədova xatırladıb ki, robot Sofiya BMT-nin İnkişaf Proqramı (BMTİP) tərəfindən dünyanın birinci Birləşmiş Millətlər İnnovasiya Çempionu adına layiq görülüb:
“O, davamlı inkişafı təşviq etmək və insan hüquqları və bərabərliyini təmin etmək üçün BMTİP ilə əməkdaşlıq edir. BMT-nin İnkişaf Proqramı Azərbaycan hökumətini hökumət və dayanıqlı inkişaf sahələrində dəstəkləyir. Məşhur robot Sofia davamlı olaraq dünyanı gəzir və müxtəlif böyük həcmli beynəlxalq tədbirlərdə çıxışlar edir. Sofiya dünya mətbuatı tərəfindən yaxından izlənilir və davamlı olaraq yüksək səviyyəli media proqramlarda və müsahibələrdə iştirak edir. Sofiyanın Azərbaycana bir daha səfər edəcəyi istisna olunmur.
Sofiyanın Azərbaycana səfər etməsi gənc sahibkarlar, startapçılar, elm adamları və ideya müəllifləri üçün yeni motivasiya mənbəyi rolunu oynayır. Sofiyanın cənab prezidentin təşəbbüsü ilə yaradılan ASAN brendi haqqında dediyi xoş sözlər və ASAN Xidmətin yeni binasının açılışında iştirak etməsi təsadüfi deyil. ASAN və Sofiya - hər ikisi BMT-nin mükafatlarını alıb. Digər yandan, Sofiyanın “Azərbaycan dilini yeni öyrənməyə başlamışam...” ifadəsi onu göstərir ki, gələcəkdə bu robotun proqram təminatında Azərbaycan dili də yer tuta bilər”.
Politoloqun sözlərinə görə, Sofiyanın “Ölkənizin gənc olmasına baxmayaraq, o, dünya miqyasında böyük layihələr həyata keçirir, yüksək texnologiyaların inkişafına töhfə verir” fikri Azərbaycan haqqında qlobal miqyasda formalaşan müsbət rəyin göstəricisidir: “Xüsusən Azərbaycanın texnoloji inkişafı barədə Sofiyanın fikrini əsaslandıran layihələri - Elektron hökümət, Azexport, Elektron kənd təsərrüfatı, ASAN, Rəqəmsal Ticarət Qovşağı, dünyada ilk m-rezidentlik, “Azerkosmos”un süni peykləri, TASİM və s. vurğulamaq lazımdır. Yüksək texnologiyanın nailiyyəti olan bu nümunənin Azərbaycana gəlməsi hər bir halda təqdirəlayiq və əlamətdar hadisədir”.