25 Oktyabr 2018 17:51
679
12 Punto 14 Punto 16 Punto 18 Punto

Altıncı Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Heydər Əliyev Mərkəzində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin innovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyonu da fəaliyyət göstərir.

Oktyabrın 25-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva pavilyonla tanış olub.

İnnovativ məhsul və xidmətlərin, startapçıların uğurlu tətbiqlərinin nümayiş olunduğu pavilyon “Robopark”, “I2B İdeyadan Biznesə”, “Startaplar” və “Kommersiyalaşdırılmış layihələr” zonalarından ibarətdir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə pavilyonla tanış olan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevaya məlumat verdi ki, ümumilikdə pavilyonda robotiks kursları, dronlar, küləklə işləyən cihazlar, xilasedici, rəngləri tanıyıb müvafiq qaydada ayıra bilən, müxtəlif əşyaların yerini təyin edən robotlar nümayiş olunur. Pavilyonun kommersiyalaşdırılmış layihələr bölməsində Azərbaycanın rəqəmsal mədəni irsinin də təbliğ olunduğu “Google Art & Culture” beynəlxalq rəqəmli incəsənət və mədəniyyət platforması fəaliyyət göstərir. Belə ki, yüzlərlə təşkilat, müxtəlif tədbirlər, obyektlər, eləcə də bir neçə Azərbaycan muzeyinin rəqəmli kontentləri bu platformada cəmləşib. Bölmədə ziyarətçilərin diqqətini çəkəcək “Virtual cərrahiyyə” də təqdim olunur. Bu layihə rəqəmli texnologiyaların tətbiqi vasitəsilə bərpaedici cərrahiyyədə yüksək funksional və estetik nəticələr əldə etməyə imkan verir. Sözügedən layihələrin hər biri Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yanında İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondundan qrant alıb və Yüksək Texnologiyalar Parkının rezidenti olan startap layihələridir.

Bundan başqa, pavilyonda “İdeyadan Biznesə” layihəsi çərçivəsində həm respublikanın ayrı-ayrı regionlarında, həm də Bakı şəhərində yerləşən ali təhsil ocaqlarından seçilən 3 qalib startapçı öz layihələrini təqdim edir. Bunlar “Xilaskar qolbaq”, “Ağıllı ev” və “Virtual tur” layihələridir. “Xilaskar qolbaq” insan təzyiqində qeydə alınan problemlərlə bağlı yaxınlıqdakı tibb məntəqələrinə və ya sahə həkimlərinə məlumatların ötürülməsini təmin edir. “Ağıllı ev” məişət cihazlarının məsafədən idarə olunmasına hesablanıb. “Virtual tur” isə onlayn rejimdə turizm obyektlərinin müəyyən edilməsi, bronlaşdırılması üzrə tətbiqdir. Xaricdə təhsil alan startapçılar da nazirliyin pavilyonunda öz məhsullarını təqdim etmək şansı qazanıblar.

Pavilyon “InnoExpo” adı altında “İnnovasiyalar həftəsi” çərçivəsində Heydər Əliyev Mərkəzində keçiriləcək tədbirlər zamanı da öz işini davam etdirəcək.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər