27 Oktyabr 2018 00:33
3 111
12 Punto 14 Punto 16 Punto 18 Punto

XIX əsrdə Peterburqdan əsən Qərb küləklərinin oxşadığı ucqarlardakı şəhərlərdən biri də Şuşa idi. Azərbaycan tarixində iki böyük şəxsiyyətin – Üzeyir bəy Hacıbəyli və Əhməd bəy Ağaoğlunun bu mühitdən yetişməsi heç də təsadüfi deyildi. Şuşa Tiflis və Bakıyla, eləcə də Peterburqla bu və ya digər şəkildə əlaqədə idi, modernizm dalğasının təsirində idi. Bu mühit Şuşada yaşayan qadınların da sağlam düşünməsinə, özlərini dönəmin feodal adətlərinin cəngindən xilas olmağa vadar edirdi.

Bu mühitdə yetişən fədakar qadınlardan biri də Azərbaycanın ictimai-siyasi xadimi, mütəfəkkir Əhməd bəy Ağaoğlunun xanımı Sitarə Ağaoğlu idi.

Sitarə xanım 1881-ci ildə Şuşada doğulub. Qarabağın tanınmış ailələrindən Əbdürrəhman Vəzirovun qızı olub. Əhməd bəy də Şuşanın məşhur bəylərindən Həsən Ağayevin oğlu idi. Parisdə təhsil alıb geri döndükdən sonra “Firəng Əhməd” kimi tanınan Ağaoğlu Sitarə xanıma aşiq olur. Lakin Sitarə xanımın anası buna razı olmur. Qızları Sürəyya Ağaoğlu xatirələrində yazır: “Anama aşiq olan atamın evlənmə təklifi onu “Firəng Əhməd” kimi görən nənəm tərəfindən rədd edilmişdi. Çox mühafizəkar bir qadın olan ana nənəm atam evin önündən keçərkən anamın balkona çıxmasına da dözə bilmirmiş. Bir müddət sonra Peterburqa gedən atam, orada dostu, anamın əmisi oğlu Fərrux bəy ilə danışarkən onun niyə evlənmirsən sualına “Mənim istədiyimi mənə vermirlər, mənə gəlmək istəyənləri isə mən bəyənmirəm” deyə cavab verir və sirrini Fərrux bəyə açır. Həmin vaxt artıq nənəm də vəfat etdiyi üçün Fərrux bəy “Mən sənə Sitarəni verdim” deyərək Qarabağa anamın atasına teleqraf göndərir. Atam o dövrdə adət olmadığı halda, nişanlısını ziyarət etməklə, ona hədiyyələr verməklə babamın və qonaqların təəccübünə səbəb olmuşdu. Beləcə, evləniblər”

“Sən haradasansa, mən oradayam”

Görünür, Əhməd bəy Sitarə xanımdakı güclü qadın xarakterini, fədakarlığı müşahidə etdiyi üçün artıq qədəm qoyduğu ictimai-siyasi mühitdə ona dəstək olacaq, hər cür əzab-əziyyəti onunla paylaşa biləcək bir xanıma ehtiyac duymuşdu və ona aşiq olmuşdu. Necə ki, sonrakı hadisələr Əhməd bəyin haqlı olduğunu göstərir.

Əhməd bəy ermənilərin türklərə qarşı qətliamına cavab olaraq Azərbaycanın ən güclü təşkilatlarından birini – Difaini təsis edir. 4 il ərzində Difai türklərin qisasını ermənilərdən və Çar məmurlarından alır. 1909-cu ildə artıq vəziyyətin təhlükəli olduğunu görən Əhməd bəy Osmanlıya mühacirət edir. Qızı Sürəyya Ağaoğlu yazır ki, 1908-ci il Hürriyyət ixtilalından sonra Əhməd bəy Fransada tanış olduğu İttihadçılara qatılmaq məqsədilə əsir bir Türk diyarından Türkiyəyə gedir: “Sonra anama Türkiyədə qalmağa qərar verdiyini, məmləkətindən, ailəsindən ayrılmaq istəməzsə, Azərbaycanda qala biləcəyini, amma Humay bibim ilə bizlərin əmimlə İstanbula gəlməyimizi istədiyini yazır. İllər sonra atamın sənədlərini qaydaya salarkən, anamın atamın bu məktubuna cavabını tapdım. Çox şirin və qəti bir ifadə ilə “Sən haradasansa, mən oradayam, uşaqları da gətirirəm” deyə yazmış. Anam ömrü boyu atamın yanında oldu, onun siyasi həyatına dəstək oldu. Nehrunun həbsxanada yazdığı və mənə də verdiyi “Hindistanı kəşf” kitabını oxuyarkən onun güclü xanımını anama oxşatmışdım”.

Sevinc və təsəlli günləri

Sürəyya xanım xatirələrində yazır ki, qız uşaqlarını çox sevən Əhməd bəy xanımı Sitarə hamilə qaldığı vaxt böyük həyəcanla qız uşağı gözləyib, əgər qız olarsa, ona gözəl hədiyyələr alacağına söz verib: “Çətin doğuşla dünyaya gəldiyim üçün ilk olaraq anamı xilas etmək üçün heç kim mənimlə məşğul olmamış, təhlükə keçdikdən sonra ailə böyük sevincə qərq olmuşdu. Atam anama on iki böyük qızıl düymə, mənə də on iki kiçik qızıl düymə hədiyyə etmişdi. Atamın qız uşağı sevgisi o qədər dərin idi ki, ilk nəvəsinin də qız olmasını istəyirdi. Tezerin qızı Suna dünyaya gələndə atam bu arzusuna da çatdı. Məndən sonra qardaşlarım Tezer, Əbdürrəhman və Səməd Bakıda doğulublar”.

Həyat bu ailəyə övlad sevinci ilə yanaşı övlad kədəri də verib. Bəşir adlı övladları doğulduqdan qısa bir müddət sonra vəfat edərkən Əhməd bəy ağır sarsıntı keçirir. Səməd bəy yazır: “Anam oğlunun dərdini unudaraq atama yalvarırdı: “Mənə sən lazımsan, Əhməd. Başqa uşaqlarımız var. Yenə də olar. Sən xəstələnsən, mən nə edərəm?”.

Övladının itkisinin əzabını yaşayan bir qadında həyat yoldaşına təsəlli verəcək cümlələr. Necə bir böyüklük, necə bir qətiyyət.

Övladlarının xatirələrindən görürük ki, Sitarə xanımın bir çox məsələlərdə uzaqgörənliyi olub, dəfələrlə Əhməd bəyə xəbərdarlıq edib.

Səməd Ağaoğlunun xatirələrində bununla bağlı iki maraqlı fakt var:

“Atam Qafqazdan gələrkən qardaşı Hüseyn bəydən bir qismi miras haqqı, bir qismini də borc kimi aldığı “Denikin rublları” gətirmişdi. Denikin kommunistlərlə vuruşan sosialist partizanların komandanı idi və qələbə üstünə qələbə qazanaraq Lenin-Trotski ordularını pərişan edir, qurduğu müvəqqəti hökumətin pullarının dəyəri dünya birjalarında dayanmadan yüksəlirdi. Bəkirağa bölüyünə getdiyimiz bir gün anam atama “Əhməd, çox çətin zamanlar gəlir. Əlimizdə bu denikinlərdən başqa bir şey yoxdur. Sataq bunları, əvəzinə bir az qızıl və ya cəvahirat alaq. Yoxsa bu pulun dəyəri qalmayacaq” dedi. Atam güldü: “Kommunistlər məhv olur. Dünyanın ən sağlam pulu hazırda Denikinindir!”

Anam dirəndi: “Sataq, sataq”.

Bu dəfə atam hirsləndi: “Qadın, satmayacağıq! Mənim dediyim doğrudur!”.

Atam hirsləndiyi zaman anama “Qadın” deyərdi. Qısa bir müddət keçmədən Trotskinin qırmızı taborları Denikinin ağ ordularını pulu ilə bərabər yox etdi. Beləcə, əlimizdəki denikinlərin dəyəri də sıfır oldu. Fəqət anam atama “gördünmü, Əhməd” deyə bilmədi. Çünki atam artıq Maltada idi.

Bir Malta macərası da var. Yenə anamla Bəkirağada idik. Anam “içimdə bir səs var, Əhməd” dedi, “bir neçə gündür düşünürəm. Bu adamlar sizi ingilislərə verəcəklər!”.

Atam təəccüblə xanımının üzünə baxdı: “Necə yəni verəcəklər?”

Anam gülümsədi: “Özləri sizə bir şey edə bilməzlər. Qorxduqları üçün də azad etməzlər. Bu səbəblə ingilislərə təslim edəcəklər. Onlar üçün ən asan yol budur”.

Atamın hirsli səsi hələ də qulağımdadır: “Sən ağlını itirmisən, Sitarə. Bir dövlət vətəndaşını düşmənə necə verə bilər? O dövlətin şərəfi qalarmı? Məğlub olmaq başqa, şərəfsizlik başqa! Ağlından çıxar bunu. Bizə nə edəcəklərsə, burada edəcəklər!”.

Anam başını aşağı saldı: “Görərsən, Əhməd. Amma bəlkə də, xeyirlisi budur”.

Bu hadisədən cəmi 15 gün sonra ingilislər Əhməd bəylə yanaşı Türkiyənin tanınmış şəxslərini Malta adasına sürgünə apardılar...

Sitarə xanım İstanbulda yaşadığı müddətdə ictimai fəaliyyətlə də məşğul olub. Qadınları Çalışdırma Dərnəyinin idarə heyətində təmsil olunub.

Sitarə xanımın son fədakarlığı

Ömrünün axırlarında Əhməd bəy “Axın” adlı yeni bir qəzet təsis etmək istəyir. Amma necə? Mətbəə və digər xərclər vardı. Başlanğıc üçün mütləq şəkildə sərmayə lazım idi. Bunu haradan tapacaqdı? Nəhayət, tapdı! Amma bunu xanımına, illərdir onun bütün əziyyətlərinə dözən, “Əhməd can” deyən fədakar qadınına necə deyəcəkdi?

Başqa çarə də yox idi. Xanımı Sitarəyə mövzunu açdı: “Bir neçə şey, məsələn, bu köhnə xalıları sataraq qəzet çıxarmaq istəyirəm, nə deyirsən?”

Bu xalılar Sitarənin cehizi idi, ona da ailəsindən yadigar qalmışdı, rəngarəng, gözəl naxışları olan Qarabağ xalçası. Amma Sitarə xanım yenə də onu dinləmədiyinə görə bir neçə dəfə səhvlərə yol verən həyat yoldaşının bu istəyinə “yox” demədi. Bir daha görmək imkanı olmayacağı Qarabağdan qalan yadigarı ərinin qəzet çıxarması üçün satılmasına razı oldu. Necə böyük bir fədakarlıq!

“Yuxumda anam və atam gəldilər, məni çağırdılar...”

Sitarə xanım 1933-cü ildə vəfat edir. Qızı Sürəyya Ağaoğlu həmin günü belə xatırlayır: “1933-cü ildə anamı itirdim. O il Cümhuriyyətin onuncu ili idi... Anam çox həssas idi. Atama: “Əhməd, çox şükür, Allah bizə bu günləri də göstərdi. İstanbulu düşmən işğalı altında buraxmışdıq, bax indi hər tərəf parıldayır, xalq küçədə mahnı söyləyir. Hər şey bizim” dedi və ağlamağa başladı. Ertəsi gün xəstələndi. Mən otağında yatırdım. Bir gecə oyandı: “Mən deyəsən, öləcəyəm, qızım. Yuxumda anam, atam gəldilər, məni çağırdılar, mən də “gələ bilmərəm, bu axar suları, mavi göy üzünü çox sevirəm” cavabını verdim dedi... Bu ərəfələrdə atamı universitetdən çıxardılar. Bu, anamı çox sarsıtdı... 16 noyabrda anamın xəstəliyi şiddətləndi. Tezer uşağa süd verdiyi üçün yeməyini tez yemiş, anamın yanında oturmuşdu. Daha yeməyə başlamadan Tezerin səsini eşitdik. Anam su istəmiş. Tezer vermiş, anam ani gözünü qapatmış və bir saniyə içində ölmüş...”.

Əhməd bəyin gərgin ictimai-siyasi fəaliyyəti, çoxuşaqlı ailə, sıxıntılar Sitarə xanımı 52 yaşında bu dünyadan ayrılmasına səbəb olmuşdu. Sitarə xanım Fəriköy İslam məzarlığında dəfn edilir.

***
Əhməd bəy Malta adasında olarkən Sitarə xanıma və digər ailə üzvlərinə məktublar yazardı. O məktubların böyük bir qismi arxivlərdə qorunur. Əhməd bəyin Sitarə xanıma ünvanladığı məktubların birindəki bir hissə Şuşada doğulan iki fədakar insanın o torpaqları heç bir zaman unutmadıqlarını göstərir: “... Axşamüstü qarşımızda olan bir təpəciyə doğru getdim. Hər tərəf yaşıllıq, hətta bəzi yerlərdə sarı çiçəklər açıb. Təpənin başında nə gördüm, bilirsinizmi? Digər mənim kimi əsir dostlar oraya çay götürüblər, çəmənliyin üstündə oturub içirlər. Məni də dəvət etdilər. Bilsəniz, o bir stəkan çay mənə nə qədər zövq verdi. Xatirəm məni ta uzaqlara, gənclik zamanıma, Qarabağa, Qalanın (Şuşanın – D.Ə) o gözəl dağlarına, Başucaya, Daşaltına, Heydər düzünə, Şahnəçinə və Dəlikdaşa, o yerlərdəki gəzməli yerlərə apardı. Bütün keçmiş, bütün qohumlar, dostlar, evimiz, küçələr, baxçamız bir-bir gözümün önündən gəlib keçdi...”.

Qaynaq:

Sürəyya Ağaoğlu, “Bir ömür belə keçdi”, İstanbul, 1975

Səməd Ağaoğlu, “Həyat bir macəra. Uşaqlıq və gənclik xatirələri”, İstanbul, 2013

Səməd Ağaoğlu, “Atamın dostları”, İstanbul, 1969


Müəllif: Dilqəm Əhməd

Oxşar xəbərlər