30 Oktyabr 2018 14:20
584
12 Punto 14 Punto 16 Punto 18 Punto

24-25 oktyabr tarixlərində Rusiya Federasiyasının Moskva şəhərində Rusiya Gömrük Xidmətinin yaradılmasının 27-ci ildönümü münasibətilə Beynəlxalq Gömrük Forumu və "Gömrük Xidməti" mövzusunda ixtisaslaşdırılmış sərgi keçirilib. Tədbirdə Azərbaycan Dövlət Gömrük Komitəsinin əməkdaşları - komitənin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsi İnformasiya sistemləri və texnologiyalar idarəsinin rəisi Eşqin Məmmədov, Beynəlxalq Əməkdaşlıq İdarəsinin Protokol və xarici dövlətlərdəki nümayəndəliklərlə iş şöbəsinin rəisi Vüqar Həmidli və Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin Müqayisəli gömrük statistikası şöbəsinin baş inspektoru Aygün Qasımova iştirak ediblər.

Komitədən Teleqraf.com-a verilən məlumata görə, tədbirə Belarus, Finlandiya, Niderland, Slovakiya, Türkiyə, Estoniya, Polşa, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Ermənistan, Çin, Koreya gömrük xidmətlərinin, həmçinin Avrasiya İqtisadi Komissiyasının bir sıra beynəlxalq və yerli şirkətlərin nümayəndələri də qatılıblar.

Forumu açıq elan edən Rusiya Federasiyasının Baş naziri Dmitriy Medvedyev çıxışında Rusiya gömrük xidmətini yaradılmasının 27-ci ildönümü münasibətilə təbrik edib. D.Medvedyev bildirib ki, iqtisadiyyatın inkişafı, ölkələr arasında ticarət dövriyyəsinin artırılması və beynəlxalq ticarətin asanlaşdırılmasında gömrük xidmətləri mühüm rol oynayır.

Bununla yanaşı, forumda Rusiya Hökuməti sədrinin birinci müavini Anton Siluanov, iqtisadi inkişaf naziri Maksim Oreşkin və Federal Gömrük Xidmətinin rəhbəri Vladimir Bulavin çıxış ediblər.

Daha sonra forum panel sessiyalarla öz işini davam etdirib. Sessiyalarda beynəlxalq gömrük əməkdaşlığı, gömrük– biznes əlaqələri, gömrük idarəetməsinin sadələşdirilməsinin və sürətləndirilməsinin mexanizmləri ilə bağlı məsələlər də müzakirə edilib.

Forumda xarici iqtisadi fəaliyyət iştirakçılarının gömrük orqanları ilə elektron informasiya mübadiləsi, gömrük əməkdaşlığının strategiyası, paralel idxalat, gömrük və digər ödənişlərin yığılmasının aktual məsələlərinə dair məruzələr dinlənilib.

Qeyd edək ki, tədbirdə Avropa və Asiya arasında malların və yüklərin daşınması zamanı ticarət əlaqələrinin, logistika infrastrukturunun inkişafının əsas tendensiyaları, hava nəqliyyatı ilə daşımaları həyata keçirən şirkətlərin, hava limanları və gömrük orqanlarının qarşılıqlı fəaliyyəti, gömrük tranzit prosedurunda elektron bəyannamənin tətbiqi və elektron gömrük xidmətləri ilə bağlı təqdimatlar da iştirakçıların diqqətinə çatdırılıb.

Eyni zamanda forumda elektron ticarət – yeni imkanlar, gömrük tənzimlənməsi, narkotiklərin qaçaqmalçılığına qarşı mübarizənin qurumlararası və beynəlxalq səviyyədə həll edilməsi, Səlahiyyətli İqtisadi Operator İnstitutunun gələcəyi və beynəlxalq təcrübə, həmçinin ilkin məlumat mübadiləsi mövzuları ətrafında fikir mübadiləsi aparılıb.

Forumla yanaşı keçirilən "Gömrük Xidməti" mövzusunda ixtisaslaşdırılmış sərgidə Rusiya Federal Gömrük Xidmətinin, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin, AK "Alrosa", "Arsenal", "Pay HD", "NUCTECH" və "HUAWEY" şirkətlərinin stendləri təmsil olunub.

Dövlət Gömrük Komitəsinin stendində gömrük xidmətində həyata keçirilən islahatlar və ölkəmizin turizm potensialını özündə əks etdirən videoçarxlar, müxtəlif kitablar, broşürlər, kiçik suvenirlər və Azərbaycan şirniyyatı nümunələri təqdim edilib. Stend-sərgi iştirakçılarının böyük marağına səbəb olub. Sərgi zamanı Azərbaycan gömrük xidmətində aparılan islahatlar, məlumatlar barədə qonaqları maraqlandıran suallar cavablandırılıb, iştirakçılara kitab və broşürlər paylanılıb.

Tədbirin sonunda Azərbaycan Dövlət Gömrük Komitəsinə sərginin işində fəal iştiraka görə Beynəlxalq Gömrük Forumunun xüsusi təltifi təqdim edilib.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər