Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstana rəsmi səfəri çərçivəsində bu ölkənin Prezidenti Rumen Radev ilə görüşüb.
Bu barədə Teleqraf.com-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
E.Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Bolqarıstanın dövlət başçısına çatdırıb. R.Radev səmimi təbrikə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib və Prezident İlham Əliyevə salamları və ən xoş arzularının yetirilməsini xahiş edib.
Görüş zamanı iki ölkə arasında mövcud olan yüksək səviyyəli əməkdaşlıq münasibətlərindən məmnunluq ifadə olunub. Hər iki tərəfin əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsində maraqlı olduğu vurğulanıb. Xüsusilə energetika və nəqliyyat sahələrində əməkdaşlığın dərinləşdirilməsinə hər iki ölkə tərəfindən verilən önəm qeyd edilib.
Prezident Rumen Radev 2017-ci ilin oktyabr ayında Bakıya səfəri çərçivəsində Azərbaycan Prezidenti cənab İlham Əliyevlə birgə bəyanatlarının davamı olaraq, Bakı-Sofiya birbaşa hava xəttinin açılmasını çox yüksək qiymətləndirib. Bu hava xəttinin açılmasının tərəflər arasında xüsusilə turizm sahəsində əlaqələrin inkişafı baxımından mühüm rol oynadığı vurğulanıb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasına rəsmi səfəri zamanı 4 mart 2015-ci il tarixində imzalanmış “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə”nin ölkələrimiz arasında münasibətlərin hərtərəfli inkişaf etdirilməsi baxımından əlverişli siyasi zəmin yaratdığı ifadə olunub.