Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin mühafizəsinin təmin edilməsi məqsədilə qeyri-leqal miqrasiya qarşı mühafizə tədbirləri davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 31-də saat 19:15 radələrində Biləsuvar rayonunun Biləsuvar kəndinin ərazisində Azərbaycan Respublikasından İran İslam Respublikası istiqamətində dövlət sərhədini pozmağa cəhd göstərən 3 nəfər Banqladeş Xalq Respublikası vətəndaşı - 1991-ci il təvəllüdlü Hossain MD Kamran, 1982-ci il təvəllüdlü Mollah Salım, 1988-ci il təvəllüdlü Hovlader Abdul Ali, həmçinin niyyətləri İrandan Türkiyəyə getmək olan sərhəd pozucularına dövlət sərhədini keçməyə vasitəçilik edən Biləsuvar rayonu Əskərabad kənd sakini 1966-cı il təvəllüdlü Hüseynov Rasət Qəhrəman oğlu DSX əməkdaşları tərəfindən saxlanılıblar.
R.Hüseynov törətdiyi cinayət əməlini etiraf edərək, hadisədən bir neçə gün öncə Banqladeş Xalq Respublikası vətəndaşlarını yaxın qohumunun işlədiyi Biləsuvar rayonu ərazisindəki otellərin birində yerləşdirərək müəyyən məbləğ qarşısında əcnəbi vətəndaşları qeyri-qanuni yolla İran İslam Respublikası ərazisinə keçirməyə cəhd etməsini qeyd edib.
Fakt üzrə zəruri əməliyyat-istintaq tədbirləri davam etdirilir.