5 Noyabr 2018 14:56
691
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva noyabrın 5-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Ağdam filialının açılışında iştirak ediblər.

Teleqraf.com xəbər verir ki, dövlətimizin başçısı “Azərxalça” ASC-nin Ağdam filialının rəmzi açılışını bildirən lenti kəsdi.

Son illər Azərbaycanda qeyri-neft sektorunun inkişafı sahəsində həyata keçirilən davamlı islahatlarla əlaqədar ən qədim tətbiqi sənət növlərindən biri olan xalçaçılığa diqqət artıb. Xalçaçılıq tarixən həm Azərbaycan xalqının məişətinin ayrılmaz hissəsi, həm də milli mədəniyyətinin bariz nümunəsi olub. Hər bir xalça toxunduğu yerin təbiəti, onu toxuyan insanların dünyagörüşü və inancları ilə bağlı simvolları əks etdirən sənət əsəridir. Ayrı-ayrı regionların coğrafiyası, tarixi, mədəni və dini mühiti xalçanın özünəməxsus ornament, kompozisiya və digər elementlərinə təsir göstərir. Bu mənada xalçaçılığın inkişafı tarixi, mədəni və maddi irsin qorunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu sahənin inkişafına xüsusi diqqət yetirən Prezident İlham Əliyevin qayğısı sayəsində artıq Horadiz, Şəmkir, Quba, Xaçmaz, İsmayıllı və Lənkəranda xalça müəssisələri istifadəyə verilib. Ağdamla bərabər, Ağstafa, Qazax, Qəbələ və Tovuzdakı müəssisələr isə istifadəyə hazırdır.

Bu müəssisələri materialla təmin etmək üçün Sumqayıt Kimya Sənaye Parkında ümumi investisiya həcmi 18 milyon dollar olan yunəyirici-boyaq fabrikinın, Horadiz, Şəmkir, Quba və Xaçmazda 5 regional yun və boyaq tədarükü məntəqəsinin inşası davam etdirilir. Artıq Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Naxçıvan şəhərində, Qobustan, Şabran, Sabunçu, Abşeron, Kürdəmir, Biləsuvar, Goranboy və Tərtər rayonlarında xalça emalatxanalarının tikintisi və təchizatı işlərinə başlanıb. Bundan başqa, İsmayıllı rayonunda daha bir xalça emalatxanası tikilir. Dövlətimizin başçısı bu emalatxananın tikintisi, avadanlıq və dəzgahlarla təchizatı, infrastrukturunun yaradılması üçün 2018-ci il dövlət büdcəsində nəzərdə tutulan Prezidentin ehtiyat fondundan vəsait ayrılması barədə sərəncam da imzalayıb. 2019-cu ildə əlavə olaraq, 10 şəhər və rayonda bu cür müəssisələrin tikintisi nəzərdə tutulub. Artıq istifadəyə tam hazır olan “Azərxalça” ASC-nin Ağdam filialı da bu sırada mühüm yer tutur.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XIX əsrdə, eləcə də XX əsrin əvvəllərində Qarabağın müxtəlif bölgələrində toxunan nadir xalçalara baxdılar.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov görülən işlərlə bağlı məlumat verərkən bildirdi ki, filialın binasının ümumi sahəsi 1250 kvadratmetrdir. Ağdam rayonunun Quzanlı qəsəbəsindəki Heydər Əliyev prospektində yerləşən binada tikinti işləri yüksək keyfiyyətlə aparılıb. Burada 150 toxucu və 14 inzibati-təsərrüfat işçisinin çalışması nəzərdə tutulub. İlkin mərhələdə artıq 90 nəfər işə qəbul olunub.

Bildirildi ki, bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça satışı salonu və digər bölmələrdən ibarətdir. Emalatxanada müxtəlif ölçülü 43 dəzgahda Azərbaycan xalçaları toxunacaq. Əsasən Ağdam, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Xocalı, Laçın, Şuşa və Zəngilan rayonlarının kəndlərində toxunan tarixi və orijinal Qarabağ xalça çeşnilərinin toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikamızın ayrı-ayrı bölgələrindən toplanılan qədim və orijinal xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib. Müəssisədə çalışan toxucular bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursları filial fəaliyyətə başladıqdan sonra da işini davam etdirəcək.

Qeyd olundu ki, bu kursları məzunları “Azərxalça” ASC-nin tədris sertifikatı ilə təmin edilirlər. Xalça satışı salonunda “Azərxalça” ASC-də toxunmuş xalça və xalça məmulatlarının sərgilənməsi və satışı da həyata keçiriləcək.

Dövlətimizin başçısı və birinci xanım xalçaçılarla görüşdülər.

Sonra birinci xanım Mehriban Əliyeva müəssisədə toxunan ilk xalçanı kəsdi.

Sonda xatirə şəkli çəkdirildi.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər