Noyabrın 6-da Təhsil və Müdafiə nazirlikləri Füzuli rayonunun Horadiz şəhərində 9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı Günü münasibəti ilə “Bayraq yürüşü” keçirib.
Teleqraf.com xəbər verir ki, yürüşün keçirilməsində məqsəd milli atributlarımızın təbliği, gənclər arasında vətənpərvərlik hissinin və milli-mənəvi dəyərlərin aşılanmasıdır.
Yürüşdə təhsil nazirinin müavini Firudin Qurbanov, Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Müdafiə Nazirliyinin əməkdaşları, hərbçilər, ziyalılar, şagird və müəllimlər, KİV və QHT nümayəndələri iştirak edib.
Yürüşdən əvvəl iştirakçılar Horadiz şəhərindəki Heydər Əliyev Mərkəzində ulu öndərin abidəsi önünə gül dəstələri qoyublar.
Yürüş iştirakçıları hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himnini oxuyublar.
Təhsil nazirinin müavini Firudun Qurbanov tədbiri açaraq üçrəngli bayrağın Azərbaycan dövlətinin müqəddəs rəmzlərindən biri və bu il 100-cü ildönümü qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olduğunu vurğulayıb. Firudin Qurbanov hər bir azərbaycanlının qürur yeri olan dövlət bayrağının tarixindən söz açıb, Təhsil Nazirliyinin təşəbbüsü ilə ənənəvi olaraq keçirilən “Bayraq yürüşü”nün gənclərin milli dəyərlərə ehtiram, milli ideallara bağlılıq ruhunda tərbiyə olunması baxımından əhəmiyyətini diqqətə çatdırıb.
Nazir müavini varlığımızı dünyaya tanıdan bayrağımızın ölkə Prezidentinin rəhbərliyi altında işğal altında olan ərazilərimizdə dalğalanacağı günün uzaqda olmadığına inamını ifadə edib.
Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev cəbhə bölgəsində belə tədbirin keçirilməsinin gənclərdə bayraq sevgisini daha da artıracağını vurğulayıb.
Daha sonra əsgərlər döyüş hazırlığı səviyyəsini nümayiş etdiriblər, şagirdlər tərəfindən bayrağımız haqqında mahnılar ifa olunub.
Çoxsaylı iştirakçının qatıldığı yürüşün sonunda xatirə fotosu çəkilib.
Yürüşdən sonra təhsil nazirinin müavini Firudin Qurbanov Füzuli rayonu 3 nömrəli Horadiz şəhər tam orta məktəbinin şagird və müəllim kollektivi ilə görüşüb, şagirdlərə hədiyyələr təqdim olunub.