Xarici işlər naziri Elmar Məmmədyarov və Argentina xarici işlər naziri Xorxe Faurie iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə təbrik məktubu mübadiləsi həyata keçirib.
Xarici İşlər Nazirliyindən Teleqraf.com-a verilən məlumata görə, E.Məmmədyarov məktubunda 25 il ərzində iki ölkə arasında bir çox istiqamətlər üzrə, xüsusən ikitərəfli siyasi dialoq, iqtisadi-ticari əlaqələr və mədəniyyət sahələrində əməkdaşlığın daim inkişaf etdiyini bildirib.
Məktubda Azərbaycan və Argentinanın eyni zamanda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan birgə öhdəlikləri qeyd olunub. Bu xüsusda, BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin qəbul olunmasında və Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı çərçivəsində həlli istiqamətində Argentinanın ölkəmizə davamlı dəstəyi xüsusi vurğulanıb.
E.Məmmədyarov mövcud əlaqələrin gələcəkdə daha çoxşaxəli inkişafı üçün birgə səylərin əhəmiyyətini vurğulayıb və qarşı tərəfi Azərbaycana səfər etməyə dəvət edib.
Xorxe Faurie isə E.Məmmədyarova ünvanladığı məktubda iki ölkə arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə təbrikini çatdırıb. 8 noyabr 1993-cü ildə Moskvada imzalanmış bu sazişin iki ölkə arasındakı əlaqələrin dərinləşməsi naminə əhəmiyyəti qeyd olunub.