10 Noyabr 2018 12:19
728
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın BMT-dəkı daimi nümayəndəsi Yaşar Əliyev Təhlükəsizlik Şurasında dünyada ümumi sülhün və təhlükəsizliyin qorunub saxlanmasına həsr edilmiş debatlarda çıxış edib.

Teleqraf.com-un məlumatına görə, Y.Əliyev qeyd edib ki, bütün dövlətlər öz beynəlxalq öhdəliklərinə, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığı barədə öhdəliklərə ciddi riayət etməyə borcludurlar:

“Əgər hamılıqla tanınmış fundamental dəyərlərə, norma və prinsiplərə təcavüzü və digər qanunsuz hərəkətləri gizlətmək məqsədilə açıq-aydın etinasızlıq göstərilirsə, onda dinc, ədalətli və firavanlaşan dünyanın təmin edilməsi məqsədinə nail olmaq çətindir”.

Y.Əliyev deyib ki, Azərbaycan BMT Baş katibinin islahatlara sadiqliyini, müharibələrin qarşısının alınmasına, sülhün qorunmasına, daha davamlı inteqrasiyanın və BMT-nin səmərəliliyinin təmin edilməsinə şərait yaratmaq barədə qərarını yüksək qiymətləndirir və tamamilə dəstəkləyir:

“Ərazi ələ keçirmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi və ondan irəli gələn, beynəlxalq hüququn ciddi pozuntuları ilə bağlı vəziyyətlərin qəbuledilməzliyi barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır. Şübhəsiz, bununla əlaqədar BMT-nin əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi və müvafiq hesabatlar verilməsi böyük əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının məcburi tələblər təsbit olunmuş qətnamələrinə açıq-aşkar etinasızlıq şura tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə başlıca məsuliyyətin yerinə yetirilməsində ümumi qəbul edilmiş praktika ola bilməz”.


Müəllif: Səxavət

Oxşar xəbərlər