Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğunun təşəbbüsü ilə Azərbaycan, Pakistan və Türkiyə dövlətləri və xalqları arasındakı dostluq və qardaşlıq münasibətlərinə həsr olunmuş geniş tədbir keçirilib.
Bu barədə Teleqraf.com-a Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğundan məlumat verilib.
Tədbir hər üç ölkənin Los Ancelesdəki Baş Konsulluqlarının birgə təşkilatçılığı ilə təşkil edilib. Azərbaycan Baş Konsulluğunun ev sahibliyi etdiyi tədbirdə sözügedən ölkələrin Kaliforniyadakı icmalarının rəhbərləri və üzvləri, tanınmış ictimai xadimlər və jurnalistlər iştirak edib.
Hər üç ölkənin dövlət himnlərinin ifasından sonra çıxış edən Azərbaycanın Los Ancelesdəki baş konsulu Nəsimi Ağayev üç ölkə arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. O, Pakistan və Türkiyənin xüsusilə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində ölkəmizə göstərdikləri hərtərəfli dəstəyin Azərbaycan hökuməti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb. Diplomat, Pakistanın işğalçı Ermənistanı dövlət kimi tanımamasını və Türkiyənin Ermənistanla sərhədlərinin bağlı saxlanılmasının hər iki qardaş ölkənin Azərbaycan ilə həmrəyliyinin bariz göstəriciləri olduğunu qeyd edib.
Türkiyənin Los Ancelesdəki baş konsulu Can Oğuz üç ölkə arasında münasibətlərin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın vacibliyindən danışıb.
Pakistanın Los Ancelesdəki baş konsulunun müavini Şoaib Sərvər üç ölkə arasında sıx münasibətlərin Los Ancelesdəki baş konsulluqlar və buradakı icmalar arasındakı münasibətlərə çox önəmli təsir göstərdiyini bildirib və bu kimi birgə tədbirlərin davamlı olacağına əminliyini ifadə edib.
Kaliforniya Azərbaycan Dostluq Assosiasıyasının icraçı direktoru Kimiya Məmmədova, Pakistan icmasından Los Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi və Pakistan Şurasının icraçı direktoru İmran Şərif, Türkiyə icmasının fəal üzvü Ergün Kırlıkovalı isə Azərbaycan-Pakistan-Türkiyə icmalarını bir araya gətirmək təşəbbüsünü alqışladıqlarını və bu tədbirin üç icmanı bir-birilərinə daha da yaxınlaşdıracağına ümidvar olduqlarını bildiriblər.