15 Noyabr 2018 19:25
735
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq hüquq prinsiplərinə, xüsusilə də ərazi bütövlüyü prinsipinə münasibətdə barışmaz mövqeyi, ekstremist çağırışları ilə seçilən Avropa Parlamentinin Kipr Respublikasından olan üzvü Eleni Teoxarusun Azərbaycan və Ukraynadan sonra Albaniyanın Avropa və Xarici İşlər Nazirliyi və Daxili İşlər Nazirliyinin birgə qərarı ilə ölkəyə girişi arzuolunmaz şəxs elan olunması təəccüb doğura bilməz. Çünki Azərbaycanın işğal olunmuş ərazilərinə də qanunsuz səfərlər etdiyinə görə adı Xarici İşlər Nazirliyinin “qara siyahısı”na salınan Eleni Teoxarus indi də Albaniya Respublikasının Konstitusiyasına, təhlükəsizliyinə, ölkədə asayişə təhlükə yaradan ekstremist və nifrət dolu çıxışları ilə gündəmi zəbt edən qalmaqala imza atıb.

Bunu Teleqraf.com-a açıqlamasında siyasi şərhçi Ehtiram Aşırlı deyib.

O qeyd edib ki, erməni lobbist dairələrinin sifarişi əsasında Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfərlər edən E.Teoxarusun hansısa digər ölkələrə qarşı belə çağırışlar etməyəcəyinə kimsə təminat verə bilməz:

“Bu ermənipərəst avroparlamentari beynəlxalq hüququn prinsiplərini kobud şəkildə pozmağa artıq adət edib. Əgər onun bu əməllərinə son qoyulmazsa, bundan sonra da belə ekstremist çağırışlarına davam edəcəyi qətiyyən şübhə doğurmur”.

Analitik qeyd edib ki, ermənipərəst deputat həm də erməni xislətlidir:
“Almaniyada erməni mafiyası ilə əlaqədar üzə çıxarılan faktlar sübut edir ki, Eleni Teoxarus sifarişlə işləyir. Daha doğrusu, ermənipərəstliyi də, ekstremizm meyilləri də sübut edir ki, sifarişlə işləmək bu insan xislətidir. Belə olan halda bu deputatın bundan sonra da sifarişlə işləməyə davam etməyəcəyinə, digər dövlətlərə qarşı ekstremist çağırışlar etməyəcəyinə kimsə zəmanət verə bilməz. Diqqət çəkən məqam ondan ibarətdir ki, Eleni Teoxarusun təmsil etdiyi Avropa Parlamenti öz üzvünün belə qanunsuz hərəkətlərinə münasibət bildirmir, cəza tədbirləri görmür. Onun qanunsuz əməllərinə göz yumur. Zənnimcə, Avropa Parlamenti cəzasızlıq mühiti yaratmaqla qanunsuzluğa rəvac verdiyinin fərqinə varmalıdır”.


Müəllif: Səxavət Həmid

Oxşar xəbərlər