16 Noyabr 2018 14:57
1 095
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkında “Tabaterra” Qapalı Səhmdar Cəmiyyətinin tütün məmulatları istehsalı fabrikinin açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, “Tabaterra” QSC-nin direktoru Elman Cavanşir dövlətimizin başçısına məlumat verdi ki, zavodda 3 formatda - ağır, yüngül və daha yüngül olmaqla beynəlxalq standartlara uyğun siqaret istehsal olunacaq və “Made in Azerbaijan” brendi altında istehlakçılara təqdim ediləcək.

Böyük Britaniya, Almaniya və İtaliya texnologiyaları əsasında qurulan fabrikdə il ərzində 3 növdə 11 milyard ədəd filtrli siqaretlər istehsal ediləcək. Bu isə ölkənin tütün məmulatlarına olan tələbatının 80 faizini ödəyəcək. Ümumilikdə, fabrikdə 13 brendin 80 çeşiddə məhsulunun istehsalı nəzərdə tutulur. Burada istehsal prosesi beynəlxalq keyfiyyət standartlarına tam uyğun surətdə aparılacaq. Ümumi dəyəri 48 milyon dollar olan layihə çərçivəsində 200 yeni iş yeri yaradılıb.

Dövlətimizin başçısı müəssisəni işə salıb.

Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin kollektivlərinin nümayəndələri ilə görüşüb.

Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin fəaliyyətə başlaması münasibətilə təbriklərini çatdıran dövlətimizin başçısı bunun ölkə iqtisadiyyatına böyük töhfə verəcəyini deyib, iş yerlərinin yaradılmasında bu cür layihələrin əhəmiyyətinə toxunub. “Sumqayıt Kimya Sənaye Parkının timsalında biz uğurlu sənaye siyasətimizi görürük”, - deyən Prezident İlham Əliyev Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı bir çox layihələrin həyata keçirildiyini bildirib, bundan sonra da bu istiqamətdə işlərin görüləcəyini vurğulayıb.

Sonda xatirə şəkli çəkdirilib.

***

14:42

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 16-da Sumqayıt Kimya Sənaye Parkının rezidenti olan “Baku Non Ferrous and Foundry Company” MMC-nin əlvan metallar və ferroərintilər zavodunun açılışında iştirak edib.

Teleqraf.com xəbər verir ki, Məhdud Məsuliyyətli Cəmiyyətin müşahidə şurasının sədri Rasim Məmmədov Prezident İlham Əliyevə əvvəlcə yaxın gələcəkdə inşası planlaşdırılan layihənin üçümcü fazası - fasonlu tökmələr zavodunun tikintisi barədə məlumat verib.

Bu zavodda maşınqayırmada, kənd təsərrüfatında, dağ-mədən sənayesində istifadə olunan məhsullar istehsal ediləcək.

Əlvan metallar və ferroərintilər zavodunda isə ildə 25 min ton ferrosilisium və 36 min ton ferrosilikomanqan istehsal olunacaq. Məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xaricə də ixrac ediləcək. Bu zavodda Azərbaycan tarixində ilk dəfə olaraq ferrosilisum, ferrosilikomanqan və gələcəkdə ferroxrom da istehsal ediləcək. İnvestisiya dəyəri 25 milyon dollar olan zavodda 125 nəfər işlə təmin olunacaq.

Azərbaycan Prezidenti İlham Əliyev müəssisəni işə salıb.


Müəllif: Teleqraf.com