19 Noyabr 2018 21:39
979
12 Punto 14 Punto 16 Punto 18 Punto

İran prezidenti Həsən Ruhani Güney Azərbaycana səfər edib.

Teleqraf.com xəbər verir ki, o, səfərə Qərbi Azərbaycan vilayətinin mərkəzi şəhəri olan Urmiyadan deyil, Xoydan başlayıb. Xoyun hava limanında jurnalistlərin suallarını cavablandıran H.Ruhani bu şəhərdə 220 yerlik xəstəxana və dəmiryolu layihəsinin açılışının olacağını bildirib.
Prezident bundan əvvəlki səfərdə verilən vədləri sadalamadan qeyd edib ki, ötən səfərdə təsdiqlənən layihələrin üzərində işlənilir, icra olunmayan layihə varsa onlar təkmilləşdiriləcək.

H.Ruhani Xoy şəhərinin Çəmran stadionunda əhali qarşısında çıxış edib. Çıxışının əsas hissəsinin ABŞ-la İranın münasibətlərinə həsr edən prezident Amerikaya təslim olmayacaqlarını vurğulayıb. O söbətində çalışıb ki, ölkə əhalisinin yaşadığı iqtisadi problemləri İran hökuməti ilə deyil, ABŞ-ın sanksiyaları və onun təzyiqləri ilə əlaqələndirsin.

Ölkədəki bütün iqtisadi gərginliyi ABŞ-ın İrana qarşı siyasəti ilə əlaqələndirən prezident əsas qida məhsullarında qıtlıq yaşanmayacağını diqqətə çatdırıb.

H.Ruhani Urmiya gölünün canlandırılması ilə bağlı yenə də vəd verib. Onun sözlərinə görə, göl canlandırılmasa da, suyun səviyyəsində sabitlik yaranıb və canlandırma prosesi dövlət tərəfindən davam etdiriləcək. Halbuki, bir çox yerli məsul şəxs, hətta bəzi ölkə məsulları göldə vəziyyətin günü-gündən pisləşdiyini və suyun səviyyə tarazlığının ötən illərə nisbətən daha da aşağı düşdüyünü dəfələrlə açıqlayıblar. Prezident Qərbi Azərbaycana səfəri çərçivəsində Xoydan Urmiyaya yola düşəcək.

Qeyd edək ki, Qərbi Azərbaycan valiliyinin açıqlamasına görə, Urmiya gölünə baxış keçirmək prezidentin səfər proqramında yer almayıb.


Müəllif: Səxavət

Oxşar xəbərlər