21 Noyabr 2018 18:09
670
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələrinə uyğun olaraq Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi istiqamətində üzərinə düşən vəzifələri yerinə yetirməklə yanaşı, bu sahədə fəaliyyət göstərən nüfuzlu beynəlxalq təşkilatlar və digər dövlətlərin ixtisaslaşmış orqanları ilə qurulmuş qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrini daha da genişləndirir.

Baş Prokurorluqdan Teleqraf.com-a verilən məlumata görə, bu sahədə formalaşmış müsbət tendensiyanın davamı olaraq Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində əldə etdiyi müsbət təcrübə və nailiyyətlərlə tanış olmaq, o cümlədən ixtisaslaşmış anti-korrupsiya qurumları arasında ikitərəfli münasibətlərin təsis edilməsi məqsədilə Azərbaycanda səfərdə olub.

Səfər çərçivəsində Fəxri Xiyabana gələn Monqolustan nümayəndə heyəti müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsini ehtiramla yad edərək məzarları önünə əkil qoymuş, daha sonra Şəhidlər Xiyabanına gələrək ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş həmvətənlərimizin məzarlarını və “Əbədi məşəl” abidəsini ziyarət ediblər.

Bundan sonra Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidmətinin baş direktoru Enkjargal Kurelsukun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasının Baş Prokurorluğunda olmuşlar.

Qonaqları səmimi salamlayan Baş prokuror Zakir Qaralov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Monqolustan Prezidenti cənab Xaltmaaqiyn Battulqa arasında mövcud olan qarşılıqlı etimad və dostluq münasibətlərinin xalqlarımız arasında dərin tarixi köklərə söykənən siyasi, iqtisadi və mədəni əlaqələrin daha da inkişaf etdirilməsi üçün platforma təşkil etdiyini xatırladaraq ölkələrimiz arasında ikitərəfli münasibətlərin sürətlənməsinə geniş imkanlar yaratdığını bildirmişdir.

Baş prokuror Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində prokurorluğun fəaliyyəti üçün zəruri normativ-hüquqi bazanın yaradılması, prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, strukturunun daha da təkmilləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlar, həmçinin qarşıda duran digər vəzifələr barədə qonaqlara ətraflı məlumat vermişdir.

Səmimi qəbul üçün minnətdarlığını ifadə edən Enkjargal Kurelsuk rəhbərlik etdiyi təşkilatın Azərbaycanla əlaqələrin inkişafına böyük önəm verdiyini vurğulayaraq ölkəmizdə korrupsiyaya qarşı mübarizə sahəsində əldə edilmiş naliyyətləri yüksək qiymətləndirmişdir. Görüşdə ölkələrimiz arasında səmərəli dostluq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafına inam ifadə edilmiş, hüquqi əlaqələrin dərinləşdirilməsi perspektivləri müzakirə edilmişdir.

Monqolustan nümayəndə heyəti Baş Prokurorluğun Tarix Muzeyində Azərbaycan dövləti, onun hüquq sistemi, dövlət başçısının rəhbərliyi altında aparılan islahatlar, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı materialları əks etdirən guşə və digər ekspozisiyalar ilə tanış olmuşlar.

Səfər çərçivəsində Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində nümayəndə heyəti ilə ikitərəfli görüş keçirilmişdir.

Qonaqları qəbul edən Baş prokurorun müavini - Baş İdarə rəisi Kamran Əliyev ölkəmizdə məhkəmə-hüquq sisteminin müasirləşdirilməsi istiqamətində həyata keçirilən hərtərəfli islahatlar, korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, bu sahədə ixtisaslaşdırılmış qurumlar olan Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın, habelə cinayət təqibi orqanı funksiyasını yerinə yetirən Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin müsbət təcrübəsi və əldə etdiyi uğurlar barədə ətraflı məlumat vermişdir.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılmış, həm ikitərəfli, həm də çoxtərəfli səviyyələrdə qarşılıqlı fəaliyyətin səmərəliliyindən bəhs edilmiş, tərəfləri maraqlandıran digər məsələlər müzakirə edilərək iki ölkənin korrupsiyaya qarşı mübarizə sahəsində ixtisaslaşmış qurumları arasında qarşılıqlı münasibətlərin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə edilmişdir.

Tədbirin gündəliyinə uyğun olaraq noyabrın 21-də Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi ilə Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil Xidməti arasında korrupsiyanın qarşısının alınması və ona qarşı mübarizədə əməkdaşlıq haqqında Anlaşma Memorandumunun imzalanması mərasimi baş tutmuşdur. Sənəd Azərbaycan Respublikası Baş prokurorunun müavini - Baş İdarə rəisi Kamran Əliyev və Monqolustanın Korrupsiyaya qarşı Mübarizə üzrə Müstəqil İdarəsinin baş direktoru Enkjargal Kurelsuk tərəfindən imzalanmışdır. İmzalanma mərasimində hər iki tərəf sənədin məlumat və təcrübə mübadiləsi baxımından əhəmiyyətini yüksək qiymətləndirmiş, habelə memorandum çərçivəsində əməkdaşlığın gələcək istiqamətlərini müzakirə edərək korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq təşkilatlarda vahid mövqedən çıxış etmək barədə razılığa gəlmişlər.

Nümayəndə heyəti Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin inzibati binasında müasir proqram təminatı ilə təchiz edilmiş “161-Qaynar xətt” əlaqə mərkəzi, dövlət orqanlarının məlumat bazalarına çıxışı olan informasiya-kommunikasiya şəbəkəsi, əməliyyatların idarə edilməsi mərkəzi, kriminalistika otağı, müxtəlif səviyyəli konfransların və tədbirlərin keçirilməsi üçün nəzərdə tutulmuş iclas zalları, normativ-hüquqi aktlarla zəngin və digər dövlət qurumlarının elektron kitabxanalarına çıxışla təmin edilmiş kitabxana ilə yaxından tanış olmuş, onlara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri əks etdirən jurnallar təqdim edilmişdir.

Səfər çərçivəsində qonaqlar həmçinin həyata keçirilən genişmiqyaslı islahatların tərkib hissəsi kimi dövlət xidmətlərinin əlaqələndirilmiş şəkildə "vahid məkan" prinsipi əsasında təqdim olunduğu "ASAN xidmət" modeli, məhkəmə və prokurorluq orqanlarının infrastrukturunun müasirləşdirilməsi istiqamətində aparılan işlərlə də tanış olmuşlar.

5 saylı Bakı “ASAN xidmət” mərkəzinə gələrək mərkəzin fəaliyyəti və vətəndaşlara göstərilən xidmət növləri ilə ətraflı tanış olan nümayəndə heyəti dövlət orqanlarının hüquqi xidmətlər göstərməsində vətəndaşların məmnunluğuna, şəffaflığın təmin edilməsinə, korrupsiya hallarının istisna olunmasına, müasir texnologiyaların tətbiqinə, məmur-vətəndaş təmas nöqtələrinin minimuma endirilməsinə istiqamətlənmiş mərkəzlərin fəaliyyətini təqdirəlayiq hesab etmişlər.

Nümayəndə heyəti Nərimanov rayon məhkəməsi və Sumqayıt şəhər prokurorluğunun yeni inzibati binaları ilə tanış olmuş, məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi üzrə aparılan genişmiqyaslı islahatları, hüquq-mühafizə orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülmüş işləri və əməkdaşlar üçün yaradılmış şəraiti yüksək qiymətləndirmişlər.

Səfəri zamanı qonaqlar ölkəmizin tarixi və mədəni abidələri, o cümlədən Bakının müasir rəmzlərindən olan Heydər Əliyev Mərkəzi və "İçərişəhər" Dövlət Tarix Memarlıq Qoruğu ilə də yaxından tanış olmuşlar. Paytaxtın müasir görünüşü onlarda xoş təəssürat və böyük maraq doğurmuşdur.

Azərbaycan Respublikasının prokurorluq orqanları korrupsiyaya qarşı mübarizə sahəsində səylərin birləşdirilməsi və qabaqcıl təcrübənin öyrənilməsi məqsədilə bundan sonra da beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcək və imzalanmış Anlaşma Memorandumu əməkdaşlıq əlaqələrinin gücləndirilməsinə öz müsbət töhfəsini verəcəkdir.


Müəllif: Teleqraf.com