25 Noyabr 2018 13:54
649
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın Rusiyaya “səfəri” ilə bağlı bəyanat yayıb.

İctimai Birliyin Əlaqələndirmə Şurasının sədri, professor Elçin Əhmədov bəyanatı şərh edərək bildirib ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləri kimi, münaqişənin nizama salınması üçün üzərlərinə götürdükləri öhdəliklərə zidd olaraq, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın öz ölkələrinin ərazisinə daxil olmasının qarşısının alınması üçün heç bir tədbir görmürlər.

Özünü Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “rəhbəri” kimi təqdim edən Bako Saakyanın 2017-ci ildə Belçikaya, cari ilin martında ABŞ-a, noyabrında isə Fransaya, ABŞ-a və Rusiyaya bir-birinin ardınca səyahətləri hər şeydən əvvəl beynəlxalq hüquq prinsiplərinə tamamilə ziddir və ATƏT-in müvafiq mandatına, vasitəçilik öhdəliklərinə də uyğun deyil.

Bako Saakyan adlı şəxs Azərbaycanın işğal altında olan ərazilərində hərbi gücdən istifadə nəticəsində formalaşdırılmış oyuncaq, qeyri-qanuni rejimin təmsilçisidir. Onun xarici, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə səyahət etməsinə imkan verilməsi işğal, təcavüz və terrorizm əməlləri nəticəsində yaradılmış rejimin təşviqinə xidmət edir.

ATƏT-in Minsk qrupunun həmsədr ölkələri belə addımlarla ayri-seçkiliyə əsaslanan siyasət yürüdərək etnik təmizləməyə məruz qalmış Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının hüquqlarının pozulmasına göz yumurlar.

Bir daha xatırladırıq ki, ABŞ, Fransa və Rusiya ATƏT-in Minsk qrupunun həmsədrləridir və Dağlıq Qarabağ problemini həll etmək üçün beynəlxalq ictimaiyyət tərəfindən verilən mandat əsasında vasitəçilərdir. Onlar birtərəfli addımlar əvəzinə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icmaları arasında barışığa, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına çalışmalıdırlar.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bildirilir. BMT Təhlükəsizlik Şurasının sənədlərində işğalçı qüvvələrin zəbt etdikləri Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxması qeyd olunsa da, 26 il ərzində Minsk qrupunun göstərdiyi səylər indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından təsirli nəticələr verməyib. ATƏT-in regionda sülhpərvər fəaliyyətinin uğursuzluqlarının başlıca səbəbi məhz Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı birbaşa təcavüzü faktının etiraf olunmaması ilə bağlıdır.

Bu baxımdan biz Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərində yaradılmış qanunsuz rejimin təmsilçisi kimi özünü təqdim edən Bako Saakyanın ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrə (Fransa, ABŞ, Rusiya) “səfər”lərini Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsindən olan məcburi köçkünlər, yəni, 80 mindən çox azərbaycanlı adından kəskin şəkildə pisləyir, eləcə də hiddətimizi ifadə edir, ATƏT-in Minsk qrupunun həmsədrləri olan ölkələrin bu addımını Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə qarşı hörmətsizlik kimi qiymətləndiririk. (azertag.az)


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər