İrəvanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin 52-ci plenar sessiyası keçirilir.
Teleqraf.com xəbər verir ki, noyabrın 29-dək davam edəcək sessiyada QDİƏT Parlament Məclisinin fəaliyyəti barədə hesabat dinlənilib, regional iqtisadi əməkdaşlığın inkişafında və möhkəmlənməsində üzv dövlətlərin parlamentlərinin və həmkarlar ittifaqlarının rolu, həmin ölkələrdə kiçik biznesin və turizmin fəaliyyəti, onların inkişaf perspektivləri mövzularında müzakirələr aparılıb.
Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev “Regional iqtisadi əməkdaşlığın inkişafında parlamentlərin rolu” mövzusunda məruzə edib.
O, çıxışında iqtisadi və humanitar təhlükəsizlik, informasiya təhlükəsizliyi məsələlərindən, beynəlxalq terrorizmlə, narkotiklərin qanunsuz dövriyyəsi ilə mübarizə tədbirlərindən, regiondakı ekoloji problemlərdən söz açıb.
E.Quliyev bildirib ki, region təkcə iqtisadi deyil, ümumən qlobal layihələrin gerçəkləşdiyi məkandır. Komitə sədrinin müavini bu baxımdan Azərbaycanın mövqeyini qabardıb və ölkəmizin adı ilə bağlı olan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin yeri və rolunu vurğulayıb, dövlətimizin artan iqtisadi qüdrətinin təzahürü olan nəhəng təşəbbüsləri önə çəkərək xüsusən də TANAP-ın əhəmiyyəti üzərində dayanıb.
Milli Məclisin deputatı, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov “Azərbaycan Respublikasında kiçik biznesin inkişafında dövlət dəstəyi” mövzusunda çıxış edib. Azərbaycanda sahibkarlığın inkişafına ciddi önəm verildiyini vurğulayan deputat bu baxımdan qeyri-neft sektoruna göstərilən diqqəti önə çəkib. O bildirib ki, görülən işlər Azərbaycanın ixrac potensialını gücləndirməyə xidmət edir.
Ə.Amaşov Azərbaycan Respublikası Prezidentinin 6 dekabr 2016-cı il tarixli fərmanı ilə təsdiqlənmiş “Azərbaycan Respublikasında kiçik və orta sahibkarlıq səviyyəsində istehlak mallarının istehsalına dair Strateji Yol Xəritəsi”ndən də söz açıb.
Sənədin biznes mühitinin yaxşılaşdırılması, kiçik və orta sahibkarlığın dəstəklənməsi üçün maliyyə resurslarının ayrılması, onların xarici bazarlara çıxışının təmin edilməsi və s. vəzifələr müəyyənləşdirdiyini diqqətə çatdırıb.
“Kiçik və orta sahibkarlığın inkişafı üzrə Dövlət Proqramı”ndan bəhs edən Ə.Amaşov sənədin stimullaşdırıcı tərəflərini sadalayıb. Deputat eyni zamanda ölkədə kənd təsərrüfatının inkişafı ilə bağlı həyata keçirilməkdə olan tədbirlərdən danışıb və vurğulayıb ki, Azərbaycanın dövlət başçısının 23 sentyabr 2016-cı il tarixli fərmanı ilə Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində yaradılmış “ABAD” publik hüquqi şəxsin fəaliyyəti son illər bu istiqamətdə yeni müsbət tendensiyaların müşahidə ediləcəyindən xəbər verir.
Ə.Amaşov çıxışında həmçinin QDİƏT-ə daxil olan ölkələrdə kiçik sahibkarlıq sahəsində əməkdaşlığı gücləndirilməsinə ehtiyacın duyulduğunu da vurğulayıb.
Qeyd edək ki, İrəvanda keçirilən 52-ci plenar sessiyada iştirak edən Azərbaycan, Türkiyə, Gürcüstan və Ukrayna nümayəndə heyətləri təşkilatın yaranmasının 25 illiyi yubiley medalı ilə təltif olunmaqdan imtina ediblər.
Onu da bildiririk ki, sessiyada QDİƏT sədrinin və baş katibinin müavinləri seçilib. Sabah öz işini davam etdirəcək tədbirdə təşkilati məsələlərə baxılacaq. O cümlədən əlifba sırası əsasında, rotasiya qaydasına uyğun olaraq QDİƏT-in Parlament Məclisinə sədrliyin Azərbaycana keçəcəyi gözlənilir.