28 Noyabr 2018 11:50
522
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsildə inkişaf üçün təhsil verənlərin keyfiyyətinin yüksəldilməsinə ehtiyac var. Bu məsələ Təhsil Strategiyasında da əks olunub.

Teleqraf.com xəbər verir ki, bunu Milli Məclisin vitse-spikeri Bahar Muradova Azərbaycan müəllimlərinin XV qurultayında çıxışı zamanı deyib.

B.Muradova bildirib ki, təhsildə inkişaf üçün təhsilverənlərlə yanaşı ailənin, cəmiyyətin bu işə cəlb edilməsi mütləqdir: “Övlad yetişdirən valideynlərin müasirləşməsinə, hətta övladları ilə birlikdə təhsil almasına diqqət etməliyik”.

Milli Məclisdə təhsil, elm sahəsinin inkişafı və bu inkişafa təminat verən qanunların qəbuluna toxunan B.Muradova millət vəkillərinin bu məsələyə son dərəcə həssas yanaşdığını deyib: “Xüsusən, son çağırış parlamentdə peşə məktəbləri, orta ümumtəhsil məktəbləri, ali təhsil ilə bağlı qanunvericilik aktlarına bir sıra dəyişikliklər edilib. Bu həm də millət vəkillərinin təhsil sahəsinə verdikləri önəmlə bağlıdır.

Ötən gün parlamentdə 2019-cu il büdcə layihəsi müzakirə edildi. Millət vəkillərinin çıxışları bu sahəyə ayrılan maliyyə vəsaitinin artırılmasına səbəb olub. Xüsusən dövlət sifarişi ilə alıi təhsil alanların xərcləri artırılıb. Çünki ola bilməz ki, özəl sahədə təhsil alanların sayı dövlət ali məktəblərində təhsil alanlardan çox olsun”.

B.Muradova təhsil müəssisələrinə ailələr tərəfindən maddi yardımların qanuniləşdirilməsini təklif edib: “Hər hansı imkanlı ailənin övladının təhsil xərclərinə maliyyə vəsaiti ayırmasında qəbahət yoxdur. Bunun qanunverici əsasını yaratmaq olar. İmkanlı ailələrin təhsil sahəsinə dəstəyinin olması təbii haldır. Hər bir imkanlı valideyn övladının təhsilinə vəsait ayırmaq istəyər”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər