“BP-Azerbaijan” “Dayazsulu Abşeron” layihəsi çərçivəsində Qarabataq adası tərəfdə süni ada yaratmağı planlaşdırır.
Bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.
“2019-cu ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə iki kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Kəşfiyyat quyularından biri Qarabataq adası tərəfdə qazılacaq və burada süni adanın yaradılması nəzərdə tutulub. Həmin ərazidə suyun dərinliyi 3-5 metr təşkil edir”,- deyə B.Aslanbəyli məlumat verib.
O xatırladıb ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə, ümumilikdə, 3 yerdə kəşfiyyat quyusu qazılacaq.
Bundan başqa, vitse-prezident bildirib ki, 2019-cu ildə “Şəfəq-Asiman” perspektiv strukturunda və “Qobustan” layihəsində 1 kəşfiyyat quyusu qazılması nəzərdə tutulub.
Xatırladaq ki, 2014-cü il dekabrın 22-də Azərbaycan Dövlət Neft Şirkəti ( SOCAR ) ilə BP şirkəti arasında Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən potensial perspektiv strukturlarda birgə geoloji kəşfiyyat işlərinin aparılması və işlənməsi haqqında hasilatın pay bölgüsü sazişi (HPBS) imzalanıb. Sazişin əhatə sahəsi Abşeron yarımadasının cənub hissəsinə doğru Xəzər hövzəsinin hüdudları boyunca uzanır. Müqavilə sahəsi 1 900 kv. km sahəni əhatə edir.
BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz daha əvvəl bildirmişdi ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə yerləşən perspektiv strukturlarda neft ehtiyatlarının olduğu ehtimal edilir.
BP-nin regional prezidenti qeyd edib ki, əgər ehtiyatlar aşkarlanarsa, ərazi dayaz olduğundan hasilata tez başlanılacaq./report/