Asim Mollazadə: “Dağlıq Qarabağla bağlı sanksiyaların olmaması bu hadisələrin başqa ölkələrdə də təkrarlanmasına gətirib çıxardı”
Avqustun 24-də Gürcüstanın işğal olunmuş ərazilərində qurulmuş qondarma “Abxaziya Respublikası”nda prezident seçkisi keçirilib. Səsvermənin ilkin nəticələrinə görə, müxalif namizəd Raul Xadjimba 50,57 faiz səslə qalib gəlib. Digər namizədlər Aslan Bjaniya 35,91, Mirab Kişmariə 6,4, Leonid Dzapşba 3,4 faiz səs yığıb.
Qeyd edək ki, qondarma “Abxaziya Respublikası”nın əvvəlki “prezidenti” Aleksandr Ankvab postunu iyunun 1-də vaxtından əvvəl tərk edib. Onu da bildirək ki, Gürcüstanın tərkibində muxtar respublika olan Abxaziya 1980-ci illərin sonundan separatçı hərəkata başlayıb, 1990-cı illərin əvvəlindən özünü müstəqil dövlət elan edib. 2008-ci ildə Rusiya Abxaziyanı müstəqil dövlət kimi tanıyıb.
Qondarma respublikada keçirilən seçkilərlə bağlı Azərbaycan Xarici İşlər Nazirliyi də bəyanat yayıb. Nazirliyin mətbuat xidmətindən daxil olan bəyanatda Azərbaycan Xarici İşlər Nazirliyi Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini bir daha bildirərək, 24 avqust 2014-cü ildə Abxaziyada keçirilmiş qondarma prezident seçkilərini tanımadığını bəyan edib.
Demokratik İslahatlar Partiyasının sədri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Asim Mollazadə qəzetimizə açıqlamasında bildirib ki, Gürcüstanın işğal olunmuş ərazisində işğalçı rejim hansısa seçki oyunları keçirib. O qeyd edib ki, bu oyunları təbii olaraq nə Azərbaycan, nə də dünyanın hansısa digər ölkəsi qəbul etmir: “Bu oyunlara hamının birmənalı münasibəti var. Mənə elə gəlir ki, bütün bunlar hamısı bir şoudur. Əslində bu ölkə hərbi nəzarət altında olan ərazidir. Təbii olaraq oradakı bütün oyunlar beynəlxalq hüquq normalarından uzaq olduğuna görə, nə beynəlxalq təşkilatlar, nə də nüfuzlu ölkələr bu cür prosesləri qəbul etmir”.
A.Mollazadə qeyd edib ki, müxalifət namizədinin qalib gəlməsi, seçkiyə demokratiya donu geyindirilməsi eyni ssenari ilə olan oyunun tərkib hissəsidir: “Bu əslində, qeyri-qanuni işğal olunmuş ərazilərə hansısa hüquqi don geyindirmək oyunudur. Amma mən bir şeyi xatırlatmaq istərdim ki, Dağlıq Qarabağı heç Ermənistanın özü də tanımır. Orada gedən proseslərin heç bir hüquqi əsası ola bilməz. Çox təəssüf ki bu cür hadisələr, yəni Gürcüstanda, Moldovada və Ukraynada baş verənlər Dağlıq Qarabağda baş verənlərin məntiqi davamıdır. Qarabağdakı işğala beynəlxalq təşkilatların müvafiq sanksiyalarının, beynəlxalq hüquq normalarına uyğun qərarların olmaması ona gətirib çıxarıb ki, bu cür hadisələr Gürcüstanda, Moldovada, bu gün isə Ukraynada təkrar edilir. Keçmiş SSRİ-nin ərazisində biz bu cür münaqişələrlə, işğalla üzləşirik”.
Deputat Azərbaycan Xarici İşlər Nazirliyinin Abxaziyadakı “seçkilər”lə əlaqədar yaydığı bəyanatı təqdir etdiyini vurğulayıb: “Bu, məntiqli və düzgün bəyanatdır. Azərbaycanın xarici siyasəti beynəlxalq hüquq normalarına arxalanır. Azərbaycan bütün ölkələrin ərazi bütövlüyünə hörmətlə yanaşır və işğal olunmuş ərazilərdə keçirilən heç bir seçki oyunlarını qəbul etmir”.
Səxavət