Bu gün Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilib.
Teleqraf.com xəbər verir ki, komitənin toplantısında “Ümumi təhsil haqqında” qanun layihəsi müzakirə edilib.
Komitə sədri İsa Həbibbəyli bildirib ki, 5 fəsil, 33 maddədən ibarət sənəd ölkədə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
Qanun layihəsinə görə, ümumi təhsil müəssisələrində tədris dövlət dili olan Azərbaycan dilində aparılmalıdır. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumla razılaşmaya uyğun olaraq, tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər.
Tədrisin digər dillərdə aparıldığı ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası fənlərinin tədris olunacağı vurğulanıb.
Sənədin “Ümumi təhsilin təşkili” adlı 13-cü maddəsinə əsasən ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunlar müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada qızıl və ya gümüş medalla təltif edilirlər. Beynəlxalq fənn olimpiadalarının qalibləri istənilən ixtisaslar üzrə, respublika fənn olimpiadalarının, yüksək səviyyəli beynəlxalq müsabiqələrin və yarışların qalibləri isə müvafiq ixtisaslar üzrə ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunacaqlar.
Qeyd olunub ki, sənədə görə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən, ağır, xüsusilə ağır cinayət törətməsinə görə məhkumluğu üstündən götürülməmiş, fəaliyyət qabiliyyətsizliyinə, məhdud fəaliyyət qabiliyyətli olmasına, habelə barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olan, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tərəfindən təsdiq edilmiş siyahıda göstərilən xəstəliklərə görə pedaqoji fəaliyyətlə məşğul olmasına qadağa qoyulmuş şəxslər bu fəaliyyətlə məşğul ola bilməzlər.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun təsdiq etdiyi etik davranış qaydalarını pozduğuna görə, əmək müqaviləsinə xitam verilmiş pedaqoji işçi 1 il müddətində pedaqoji fəaliyyətlə məşğul ola bilməz.
Bildirilib ki, ümumi təhsil müəssisəsi əlavə gəlir əldə etmək məqsədilə nizamnaməsində nəzərdə tutulmuş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi sahibkarlıq fəaliyyəti növləri ilə (ödənişli təhsil xidmətləri, yardımçı təsərrüfatlardan əldə olunan məhsulların və ya şagirdlərin əl işlərinin satışından, eləcə də icarədən əldə olunan gəlirlər və s.) məşğul ola bilər.
Ətraflı müzakirələrdən sonra qanun layihəsi baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə edilib.