Bu gün Azərbaycan Cümhuriyyəti Parlamentinin təsis edilməsinin 100-cü ildönümüdür. Teleqraf.com parlamentin yaradılması, fəaliyyəti və süqutu ilə bağlı məqaləni təqdim edir:
***
I Dünya müharibəsi başa çatınca dünyanın yeni xəritəsini cızacaq Paris Sülh Konfransı yaxınlaşırdı. Öz müstəqilliyini hər vasitə ilə qorumağa çalışan Azərbaycan Cümhuriyyəti də orada bütün xalqın adından danışa biləcək bir siyasi qurumla təmsil olunmaq istəyirdi. Belə tam səlahiyyətli qurum isə Müəssislər Məclisi ola bilərdi.
Doğrudur, Azərbaycan hökuməti 14 sentyabr 1918-ci ildə Müəssislər Məclisinə seçkilər üzrə, 21 oktyabrda isə həmin quruma seçkilər haqqında qanunu hazırlayacaq iki komissiya yaratmışdısa da, onlar mövcud durumda bir iş görə bilməmişdi. Paris isə, təbii ki, Azərbaycanın nə zaman seçkilər keçirməsini gözləməyəcəkdi. Belə bir durumda Azərbaycan üçün ciddi təhlükələr yarana bilərdi, çünki, məsələn, Versal Bakı valiliyinin Azərbaycanın tərkibindən çıxarılıb Rusiyaya verilməsi və b. faciəli qərarlar qəbul edə bilərdi.
Heyəti-Vükəla rəisi (Baş nazir) F.x.Xoyski Milli Şura’ya müraciət etdi ki, Müəssislər Məclisini çağırmaq üçün hazırlıq işinə hökumətin vaxtı çatmadığından, onun vəzifəsini Milli Şura öz üzərinə götürsün. Milli Şura bu təkliflə razılaşdı. Şuranın Məhəmmədəmin Rəsulzadənin sədrliyi altında 19 noyabrda keçirilən iclasında məsələ geniş müzakirə edildi. Elə həmin gün Milli Şura Azərbaycan Məclisi-Məbusanının (Parlamentinin) yaradılması haqqında qanun qəbul etdi.
Orada göstərildi ki, Zaqafqaziya Seymindəki Müsəlman fraksiyası Rusiya Müəssislər Məclisinə 1917-ci ildə ümumi səsvermə ilə seçilmiş 14 müsəlman deputatın üzərinə partiya nümayəndələrinin artırılması hesabına genişləndirilərək 44 nəfərdən ibarət olmuşdu. Həmin 44 nümayəndə may ayında özünü Azərbaycan Milli Şurası elan edərək yeni yaradılan Azərbaycan dövlətinin idarəsini öz öhdəsinə götürüb. Ancaq Azərbaycan yalnız türklərlə, müsəlmanlarla məskunlaşmayıb, buna görə də Milli Şura torpağımızda yaşayan bütün millətləri təmsil etməlidir, halbuki 44 nəfər bütün əhalinin təmsilçisi deyil.
Qanunda göstərildi ki, 120 nəfərdən ibarət olacaq Azərbaycan Cümhuriyyəti Məclisi-Məbusanına (Parlamentinə) hər 24 min nəfərdən bir məbus (deputat) hesabı ilə müsəlmanlar 80, ermənilər 21, ruslar 10, almanlar 1, yəhudilər 1 məbus seçəcək, azlıqda qalan millətlərin də nümayəndələri olacaq. Milli Şuranın 44 müsəlman üzvü ümumi səsvermə yolu ilə seçildikləri üçün Məclisi-Məbusana birbaşa üzv sayılacaq, qalan 36 yerə isə əlavə şəxslər seçiləcək. Qanunda Azərbaycanın ayrı-ayrı şəhər və qəzaları üzrə əlavə göndəriləcək nümayəndələrin sayı da müəyyən edilmişdi.
29 noyabr 1918-ci ildə Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadənin yayınladığı “Bütün Azərbaycan əhalisinə” Müraciətnaməsində oxuyuruq:
“Bu ayın 19-da qəbul elədiyi qanunnaməyə görə, Şurayi-Milli dekabrın 3-nə qədər 120 əzalıq bir Məclisi-Məbusan (Parlaman) halına gələcəkdir. Bu Məclisə azlıqda qalan millətlərdən nümayəndələr cəlb olunduğu kibi, məmləkətin vilayətlərindən də vəkillər çağırılmışdır. Bu surətlə yığılacaq Məclisi-Məbusan iləridə ümumi intixab üsulu ilə Azərbaycan Məclisi-Müəssisanı yığışıncaya qədər yurdumuzun sahibi olacaq, onun müqəddəratını həll, hökumətini təşkil və mənafeyini mühafizə edəcəkdir. […]
Bizi təxribkar qüvvətlərdən, məhvedici anarşidən, hərc-mərcdən qurtarmaq içün öz dəvətimizlə gələn türklər vəzifeyi-xilaskaranələrini ifa edərək bu gün mövqelərini Müttəfiq əsgərlərə təslim etmişlərdir. Qafqasya ərazisi üzərində asayişi təmin eləmək içün gələn bu yeni qüvvət millətlərin müqəddəratını təyin edib də istədikləri kibi yaşamaq əzminə mane bir qüvvət deyildir. “Cəmiyyəti-Əqvam” fikrinin ələmdarı bulunan rəisi-cümhur Vilson bu zümrəyə mənsubdur. Paytaxtımızda müsafir bulunan Müttəfiq əsgərlərinin komandanı müsyö Tomson Qafqasyaya aid məsələlərin Sülhi-Ümumi Konfransında həll olunacağını rəsmən bəyan etmişlərdir. […] Əvət, vətəndaşlar, Azərbaycanın müqəddəs həqqi-istiqlalı heç bir millət tərəfindən inkar edilməyir, biləks, hüsni-təvəccöh və qəbul görməkdədir. İnanalım millətimizin istiqbalına, inanalım Azərbaycanın səadətinə! [...] Bütün Azərbaycan vətəndaşları bilafərqi-millət və məzhəb bir vətənin övladıdırlar. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və bərabərlikdə kəndi səadətlərini hazırlamaq üçün onlar yekdigərinə əl uzatmalı və yardım etməlidirlər. Bu xüsusda ən böyük məsuliyyət və ən ağır vəzifə, bittəb, Azərbaycanın türklərinə, müsəlman camaatına düşəcəkdir. Onlar bu topraq üzərində yaşayanların ən böyük əksəriyyətini təşkil etdiklərindən, daha ziyadə fədakar və daha ziyadə mütəhəmmil bulunmalıdırlar. [...]
Yaşasın Azərbaycan Məclisi-Məbusanı!
Yaşasın Azərbaycan Cümhuriyyəti!
Yaşasın Cəmiyyəti-Əqvam!”.
Mətndən gördüyümüz kimi, Məclisi-Məbusanın (Parlamentin) açılışı 3 dekabra təyin edilmişdi, ancaq Bakıdakı rus və erməni Milli Şuraları bu işə mane olmaq üçün Bakıya yenicə gəlmiş Müttəfiq qoşunlarının baş komandanı general Tomsondan istifadə etməyə çalışdılar. Azərbaycan rəhbərliyinin general Tomsonla apardığı danışıqlar onların səylərinin qarşısını xeyli aldı – qəzalardan bütün deputatların Bakıya gələ bilməsi üçün Parlamentin açılışı 7 dekabra keçirildi.
Beləliklə, 7 dekabr 1918-ci ildə gündüz saat 1-də H.Z.Tağıyev’in Nikolay küçəsində yerləşən keçmiş qız məktəbinin (indiki AMEA Əlyazmalar İnstitutunun) binasında müsəlman Şərqində ilk demokratik parlamentin açılışı oldu. Ancaq şəhərdəki durum hələ də gərgindi – deputatların həbs edilməsi təhlükəsi vardı. Azərbaycan istiqlalını hər şeydən üstün tutan Məclis üzvləri isə qorxuya üstün gələrək cəsarətlə bir yerə toplandılar.
Məclisi-Məbusanın açılışını edən Azərbaycan Milli Şurasının sədri Məhəmmədəmin Rəsulzadə geniş təbrik nitqi ilə çıxış etdi. O, millət vəkillərinə bunları da dedi :
“Zaman ağır, gedəcəyimiz yol çok tikanlı və arizəlidir. İləridə bir çox müşkülat və maneələri dəxi gözə almalıyız. Dumanlı yolları keçmək və səri-mənzili-məqsədə irmək üçün siz, məbus əfəndilər, bir çok fədakarlıqlar etməli, təmsil etdiyiniz millətə səbat, mətanət göstərmək üzrə bir nümuneyi-əmsal təşkil etməlisiniz. Bu nümunəni göstərəcək iqtidar və istedada malik oldunuzsa yolun yarısı gedilmiş deməkdir. Əvət, əfəndilər, bu gün firqə ehtirasları, şəxsi qərəzləri və bütün bu kibi vətən və millət qayəsi qarşısında səqət qalan qərəzlər atılmalı, Vətən qayğısı, millət duyğusu hər şeydən yüksək tutulmalıdır”.
Məclisi-Məbusanın bu ilk iclasında Əlimərdan bəy Topçubaşov onun sədri, Həsən bəy Ağayev isə sədrin birinci müavini seçildilər. (Əlimərdan bəy öncə İstanbulda, sonra isə Parisdə Azərbaycan təmsilçisi olduğu üçün Parlamentə gerçək sədrlik Həsən bəyin üzərinə düşdü).
Az sonra Məclisi-Məbusanın 3 nəfərlik katibliyi də seçildi.
İLK İCLASIN TƏƏSSÜRATLARI
8 dekabr 1918-ci il tarixli rəsmi “Azərbaycan” qəzeti yazır:
“Nikolayevski küçədə iki zirehli avtomobil dayanmış, küçədə ingilis və Azərbaycan fəxri qarovulu durub Bazarnı küçədən Persidskiyədək, Nikolayevskidən şəhadətnaməsi olmayanı buraxmıyorlar. Parlaman binasının qapısından salonadək qarovullar durub, küçədən salonadək xalılarla bəzənmişdir. Parlaman binasının üstündə və lojada Azərbaycan bayrağı vurulmuşdur. Tamaşaçılar üçün təyin edilmiş yerlər doludurlar. Tamaşaçılar içində bir çox xanımlar dəxi vardır. Ümumiyyətlə ruh yüksəkligi hökmfərmadır”.
Qəzet daha sonra iclas salonundakı ab-havanı yazır :
“Nəhayət saət ikinin yarısında iclas açılıyor. İclası Məhəmmədəmin Rəsulzadə cənabları nitqi-iftitahilə açaraq Azərbaycan istiqlalının müxtəsər tarixindən, elani-istiqlaldan əvvəlki haldan və rus istibdadından incimiş, zənciri-əsarət altında əzilmiş və bittəbii bundan dolayı rus hökumətinə nifrətlə baxmaqda olan müsəlmanların və xüsusən Azərbaycan türklərinin rus milləti və rus mədəniyyətinə qarşı məhəbbət və dostluqdan başqa bir fikri olmadığını qeydlə nəhayət Azərbaycanın yaşamasına ətfi-kəmal ediyor. Bütün millətlərin amal və gedəcək yolları bir olduğunu göstərərək bu gün bu binada qaldırılmış olan bayrağın enmiyəcəginə haman bu amillərin dəlil və azərbaycanlıların şüarı olaraq istiqlal və hürriyyət uğrunda göstərdikləri və göstərməgə hazır olduqları fədakarlıqların bir istinadgah olduğunu, paytaxtımızda bulunan müttəfiqlər nümayəndələrinin də münasibat və rəftarını qeydlə diyor ki, vicdani-bəşər heç vəqt böylə zülmü işləməz ki, bizi bu səadətdən məhrum qılsın. Binaənileyh natiq cənabları azərbaycanlıları ittihad və ittifaqla çalışaraq müstəqil yaşamağa qail, müstəid və müstəhəqq olduğumuzu isbat etməgə çağırıyor”.
İlk iclasın təəssüratları çox xoş olur. Üzeyir bəy Hacıbəyli “Təəssürat” adlı məqaləsində yazır: “Parlamanımız açıldı, gördük, Fətəli Xan doğru dedi ki, yatsa idik də yuxumuza girməzdi... Parlaman imarətinin içində ziynət cümləsindən calibi-diqqət olan şey - qiymətli xalılar degil idi - bəlkə fiyatı ucuz, lakin mahiyyəti-milliyyə və siyasiyyəsi dedikcə baha olan üçrəngli milli bayraqlarımız idi. Məhəmmədəmin nitqi-iftitahisində bu üç rəngin: “Türkləşmək, islamlaşmaq və müasirləşmək” amalı əlamətindən ibarət olduğuna işarə ilə “Bu bayraq endirilməz!” - dedikdə bütün Məclis ayağa qalxıb əl çala-çala bayraqları salamlarkən təəssürati-fövqəladəmdən başımın tükləri biz-biz durdu”.
“MƏCLİSİ VƏTƏN ÖVLADI AÇDI”
Üzeyir bəy Rəsulzadənin kürsüyə necə gəlməsini də yazısında təsvir edir:
“Məclisin açılmaq saatı yaxınlaşdı. Tamaşaçılar ki içlərində müsəlman xanımları da az degildi - boş yerləri doldurdular. Məbuslar hər kəs öz məxsusi yerini tapıb oturdular. Qəzetə yazıçıları kağız və qələmlərini hazırlayıb müntəzir durdular. Ministrlər müavinlərilə bərabər öz yerlərinə keçib cərgə ilə oturdular. Bir lojaya sığmıyıb, sağ və sol iki loju doldurdular. Bunların hamısı başı açıqdırlar. Bir nəfərdən səvayi, görünür ki, soyuqdan qorxurmuş, həqiqət, çox soyuğdur. Hamı amadə olub intizarda ikən Milli Şura rəisi Məhəmmədəmin Rəsulzadə cənabları rubəru qapıdan çıxıb məqami-sədarətdə üzü Məclisə tərəf, ayaqüstə bir vəziyyət aldıqda hazirunin intizarı donub diqqətə münqəlib oldu. Məhəmmədəmin qəlbən nikbin və nikbinligində də sabitqədəm olduğuna dəlalət edən açıq və gülər bir üz və yerə baxmaq adəti olmayan bir göz ilə məbuslara xitabən nitq söyləməgə başladı. Padşahlı məmləkətlərdə Məclisi-Məbusanı padşah açar, amma Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanını bir nəfər vətən övladı açdı”.
QEYRİ-TÜRKLƏRİN TƏRƏDDÜDLƏRİ
Qeyd etmək gərəkdir ki, Məclisi-Məbusan haqqında qanunda ermənilərə 21, ruslara 10 deputat yeri ayrıldığına baxmayaraq, onlar Məclisin ilk iclaslarına qatılmadılar. Bakı Rus Milli Şurası burada iştirakı “Vahid və bölünməz Rusiya” ideyasına xəyanət, Azərbaycanın Rusiyadan ayrılması faktının tanınması kimi dəyərləndirirdi. Ancaq Bakıdakı Rus-Slavyan Cəmiyyəti öz nümayəndələrini Məclisə götürmək xahişi ilə Milli Şura sədri M.Rəsulzadəyə müraciət etdikdən və onlara 5 yer ayrıldıqdan sonra Rus Milli Şurası da 1919-cu ilin yanvarında Məclisə qatılmaq istədiyini bildirdi.
Azərbaycan Parlamentində iştirak etməməklə onun fəaliyyətini pozacaqlarını güman edən Erməni Milli Komitəsi və “Daşnaksütyun” partiyası da Məclisə iki ay nümayəndə göndərmədi. Parlamentin onlarsız da normal işlədiyini görüncə ermənilər Məclisə qatılmağa qərar verdilər və burada iki fraksiya yaratdılar.
Beləliklə, artıq 1919-cu ilin sonlarına yaxın Məclisi-Məbusanda 11 müxtəlif partiya fraksiyası və qrupun təmsilçisi olan 96 deputat vardı.
Fəaliyyətinin sonunadək müxtəlif əvəzlənmələrlə Məclisi-Məbusanın 100 müsəlman və 28 qeyri-müsəlman olmaqla 128 deputatı olub.
Məclisi-Məbusanın yaradılması ölkə tarixində o qədər önəmli hadisə sayılırdı ki, bu münasibətlə 8 yanvar 1919-cu ildə siyasi ümumi bağışlanma (amnistiya) haqqında qanun qəbul edildi.
Cəmi 17 ay yaşamasına baxmayaraq Azərbaycan Cümhuriyyətinin Məclisi-Məbusanı 1918-ci il dekabrın 7-sindən 1920-ci ilin 27 aprelinədək 145 iclas keçirdi və ölkənin ən önəmli həyati məsələlərini həll etdi. O, özünün yüksək işgüzarlıq qabiliyyəti ilə sübut etdi ki, Azərbaycan xalqı həqiqətən parlament idarəçiliyi səviyyəsinə yüksəlib.
PARLAMENTİN SÜQUTU
Rusiyaya məxsus XI ordu aprelin 26-sında Azərbaycan sərhədlərini keçərək 27 apreldə Quba və Qusar’ı işğal etdi. Həmin gün səhər tezdən bolşeviklərin silahlı dəstələri həm Bakı şəhəri daxilində, həm də onun kənarlarında mühüm obyektləri: dəmiryol vağzalı, poçt, teleqraf, radiostansiya, polis məntəqələri, iri neft mədənləri və sənaye müəssisələri, hərbi və ticarət limanı və b. yerləri ələ keçirdilər.
Bakının şimal sərhədi və Gəncə arasında telefon və teleqraf əlaqəsi kəsildi, bu da hökumətin əyalətlərdəki özünə sadiq hərbi hissələri vaxtında köməyə çağırmasına imkan vermədi.
İşğal əməliyyatında Xəzər hərbi donanması önəmli rol oynadı. Donanma gəmilərinin heyəti bu dönəmdə bolşeviklərdən və onlara rəğbət bəsləyən matroslardan ibarətdi. Hakimiyyəti hələ mövcud olmayan Azərbaycan Sovet hökumətinə 2 saat ərzində təhvil vermək ultimatumu göndərən Çingiz İldırımın başçılığı etdiyi hərbi gəmilər sahildə düzülərək öz toplarını Parlament və hökumət binalarına tuşlamışdılar.
Ultimatumu müzakirə etmək üçün Məclisi-Məbusanın son iclasından öncə sədr Məhəmmədhəsən Hacınski və üzvlər Məhəmmədəmin Rəsulzadə, Qara bəy Qarabəyov, Aslan bəy Səfikürdski və Aslan bəy Qar¬da¬şovdan ibarət bir komissiya yaradıldı. Komissiyanın qərarını müzakirə etməzdən öncə Rəsulzadə təklif etdi ki, çıxardığımız tarixi qərarı millətdən xəbərsiz çıxarmayaq. “Ölkə Parlamentinin qapısını açıq qoyaq ki, hər kəs nə cür təhlükəli vəziyyət içində olduğumuzu, nə cür qərar qəbul edəcəyimizi bilsin”.
Onun təklifi bəyənilərək qəbul edildi.
Bundan sonra Məhəmmədəmin bəy söz alaraq tarixi nitqini söylədi:
“... Əfəndilər! Türkiyə Azərbaycanın xilaskarıdır, amali-milliyyəmizin təbcil elədiyi müqəddəs bir məmləkət¬dir. Onun xilasına gedən qüvvəti biz məmnuniyyətlə istiqbal və təşyi edəriz, fəqət bir şərtlə ki, bu qüvvət bizim hürriyyətimizi, istiqlalımızı çığnamasın. Halbu¬ki, əfəndilər, bizdən soruşmadan hüdudumuzu keçən hər hansı bir qüvvət dostumuz deyil, düşmənimizdir!
Duyduğumuz bu propaqanda düşmən propaqandası¬dır. Bizi iğfal edirlər. Yalandır, gələn ordu rus ordusudur. Fərzən komandanı bir Türk olsa da yenə rusdur. İstila ordusudur; onun istədiyi 1914-cü il hüduduna qonmaqdır. Anadolu imdadına gedəcək bəhanəsiylə yurdumuza girən bu işğal ordusu buradan bir daha çıxmaq istəməyəcəkdir.
Nəhayət, 27 aprel 1920-ci il axşam saat 23.00-də Parlament əksəriyyət səslə hakimiyyətin aşağıdakı şərtlərlə bolşeviklərə təhvil verilməsini qəbul etdi:
1. Sovet hökuməti tərəfindən idarə olunan Azərbaycanın tam istiqlaliyyəti saxlanılır;
2. Azərbaycan kommunist firqəsinin yaratdığı hökumət müvəqqəti orqan olacaqdır;
3. Azərbaycanın son idarə formasını hər hansı bir xarici təzyiqdən asılı olmayan Fəhlə, Kəndli və Əsgər Leputatları Sovetləri şəxsində Azərbaycanın ali qanunverici orqanı müəyyənləşdirəcəkdir;
4. Hökumət idarəsinin bütün qulluqçuları öz yerlərində qalır, ancaq məsul vəzifə tutanlar dəyişdirilir;
5. Yeni yaradılan müvəqqəti kommunist hökuməti parlament və hökumət üzvlərinin həyatının və əmlakının toxunulmazlığına təminat verir;
6. Qırmızı ordunun Bakı şəhərinə döyüşlə daxil olmasına yol verməmək üçün tədbir görüləcəkdir;
7. Yeni hökumət haradan baş verməsindən asılı olmayaraq, Azərbaycanın istiqlalını sarsıtmaq məqsədi güdən bütün xarici qüvvələrə qarşı öz sərəncamında olan vasitələrlə qəti tədbirlər görəcəkdir.
Azərbaycan Müvəqqəti İnqilab Komitəsi’nin adından hərbi yardım xahişilə Moskvaya radioteleqram göndərildi. Sənəddə yazılmışdı: “Bakıda çevriliş baş vermişdir və biz qırmızı qoşunların Bakıya yeridilməsini xahiş edirik”. Çox keçmədən həmin qoşunlar Kirov, Orconikidze, Mikoyan və başqalarının başçılığı altında nəinki Bakını, bütün Azərbaycanı işğal etdi və azadlıqsevər əhaliyə amansız divan tutdu. Beləliklə, xarici təcavüz nəticəsində Azərbaycan Cümhuriyyəti və onun Parlamenti süquta uğradı.
Qaynaqlar:
1. Tahirzadə Ə, Əhməd D, “Azərbaycan Cümhuriyyəti (1918-1920) Qısa tarxi oçerk”, Bakı, 2018
2. “Azərbaycan” qəzeti, 08 dekabr 1918,№59
3. “Azərbaycan” qəzeti, 09 dekabr 1918,№60
4. “Yeni Kafkasya” dərgisi, 27 aprel 1923,№15
5. “Azərbaycan Xalq Cümhuriyyəti (1918-1920) Parlament. (Stenoqrafik hesabatlar), I cild, Bakı, 1998
6. Şirməmməd Hüseynov – ““Azərbaycan” qəzetində parlament hesabatları və şərhlər”, Bakı, 2017