Rafael Cəbrayılov: “Hansısa dövlətlərin maraqlarına xidmət edən qurum heç kimə lazım deyil”
“BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlük institutu ləğv olunmalıdır. Çünki hər hansı bir daimi üzv – veto hüququna malik beş dövlətdən biri istəsə BMT-nin Təhlükəsizlik Şurasını istənilən vaxt iflic vəziyyətinə sala bilər. Həmin beş dövlətdən biri veto hüququndan istifadə etməklə hər hansı bir qərarın, qətnamənin qanuni qüvvəyə minməsinə imkan verməmək imkanına malikdir”. Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rafael Cəbrayılov deyib.
R.Cəbrayılov bildirib ki, bütün bunlar artıq praktikada da özünü göstərib. Onun sözlərinə görə, BMT Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı məlum dörd qətnaməsi icra olunmursa, o, hansısa dövlətlərin maraqlarına xidmət edirsə, bu qurum heç kimə lazım deyil.
“Bu baxımdan, əslində BMT-nin özündə bir islahat aparmaq lazımdır. Ümumiyyətlə, bu gün BMT-nin üzvü olan dövlətlərin məsuliyyəti ilə bağlı əgər dünyada vahid bir konvensiya yoxdursa, biz nədən danışacağıq? Düzdür, hazırda dövlətlərə vurulmuş ziyanın ödənilməsi mexanizmi var. Məsələn, bir dövlətin hansısa bir hüquqi məsuliyyət daşıması ilə bağlı təcrübə var. Bütün hallarda isə BMT-də daxili islahatlara ciddi ehtiyac var” – deyə, R.Cəbrayılov qeyd edib.
Səxavət