18 Dekabr 2018 14:35
494
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünya Bankının son acıqlamasına görə əhalinin təhsillə əhatələnməsi məsələsində Azərbaycan region ölkələrindən 2 dəfə geridədir. Bizim komitə bir neçə sanballı qanun layihəsi hazırlayıb və “Ümumi təhsil haqqında" qanun layihəsi də bunlardan biridir.

Teleqraf.com xəbər verir ki, bu fikirləri parlamentdə “Ümumi təhsil” haqqında qanun layihəsinin müzakirəsi zamanı millət vəkili Qüdrət Həsənquliyev səsləndirib.

Deputat bildirib ki, indiyə qədər bu məsələni bir neçə dəfə hökumət üzvlərinin diqqətinə çatdırıb:

“Konseptual baxımdan müzakirə edilən qanun layihəsinə səs verəcəyəm. Burada ümumi təhsilin əsas problemləri öz həllini tapmayıb. Bu gün Azərbaycanda ümumi təhsilin əsas problem repetitorluqdur. Yəqin ki, İsa müəllim də bunu bilir. Ancaq, bu problemin necə aradan qaldırılması ilə bağlı qanunda tənzimləyici mexanizm görmürük. Dəfələrlə söyləmişəm ki, təhsilin əsas problemlərindən biri repetotorluqdur. İstənilən ali məktəbə gedib auditoriyadan soruşun ki, kim repetitor yanına getmədən universitetə qəbul olub. Ola bilsin ki, "potok"da cəmi 1-2 nəfər belə adam tapıla bilər. Mən açıq deyirəm ki, repetotorluq valideynlərin büdcəsinə xeyli ziyan vurur. Hətta elə valideynlər var ki, uşaqlarını normal qidalandırmır, övladlarının ali təhsil alması üçün o pulunu repetitora verir. Ona görə də bu qanunda belə bir məsələ öz əksini tapmalıdır ki, orta məktəb müəllimlərinin əmək haqqı orta aylıq əmək haqqından az olmasın. Digər tərəfdən, repetitorluq dövlət tərəfindən qəbul olunursa, deməli, bu tənzimlənmir. Yox, əgər dövlət repetitorluğu qəbul etmirsə, onun aradan qaldırılması istiqamətində ciddi addımlar atmalıdır. Bu addımları atmaq hökumətin borcudur”.

Q. Həsənquliyev deyib ki, ümumi təhsilin digər problem iki növbəli tədrisin olmasıdır. Onun sözlərinə görə, bu ciddi problemdir:

“Əslində bu, dünyada çoxdan yığışdırılıb. Bunun üçün də Azərbaycanda yeni məktəblər tikilməlidir. Məktəb tikintiləri dövlət tərəfindən vergi güzəştləri yolu ilə stimullaşdırılmalıdır. Və bu, qanunda bu öz əksini tapmalıdır. Hesab edirəm ki, bu tip məsələləri biz həll etmədən lazımi nəticələrə nail ola bilməyəcəyik”.

Deputat qeyd edib ki, alimlərin və təhsil müəssisələrinin sayına görə, Azərbaycan region dövlətlərindən geridə qalır:

“Bunun aradan qaldırılması üçün ciddi tədbirlər görülməlidir. Bu gün Fransada etiraz edən “sarı gödəkçəlilər”in tələblərindən biri də ali müəssisələrə qəbulun sadələşdirilməsi ilə bağlıdır. Azərbaycanda da ali məktəblərə qəbul sadələşdirilməlidir. Və ali məktəblərə qəbul orta məktəblərin buraxılış imtahanlarının nəticələrinə uyğun olaraq aparılmalıdır. Bu, bütün dünyada belədir. Axı biz niyə bu addımı ata bilmirik, mən doğrudan da başa düşə bilmirəm. Sizi əmin edim ki, bu addımlar atılacağı təqdirdə repetitorluğun da qarşısı ciddi şəkildə alınacaq. Bu fundamental məsələləri həll etməsək, nə qədər qanunlar qəbul etsək də, problemin köklü həllinə nail ola bilmərik”.

Komitə sədri Siyavuş Novruzov da təhsillə bağlı bəzi tənqidi fikirlər səsləndirib. O deyib ki, bəzən 3,4, 5-ci sinifdə təhsil alan şagirdlərin çantalarının ağırlığı 12-13 kiloqram olur:

“Şagirdlər bu ağırlıqda çantaları apara bilmirlər. Bəzən onlara çantadaşıyan da tutmaq lazım gəlir. Hesab edirəm ki, bununla bağlı da tədbir görülməlidir”.

Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli isə bildirib ki, qanun birinci oxunuşdan müzakirəyə çıxarılıb:

“Qanun layihəsinin müzakirəsində Təhsil Nazirliyinin mütəxəssisləri də iştirak edir. Deputatlara irəli sürdüyü təkliflərə görə, təşəkkür edirəm”.


Müəllif: Cavad