“Azərbaycan Silahlı Qüvvələrinin formalaşması, inkişafı və təminatı bilavasitə Ali Baş Komandan, Prezident İlham Əliyevin diqqət və qayğısı altındadır. Ölkə başçısı diqqətini ilk növbədə Azərbaycan Ordusunun ən müasir texnika ilə silahlandırılmasına yönəldib. Nəticədə ordumuz cənab prezidentin dediyi kimi, 50 ən güclü Silahlı Qüvvələr səviyyəsinə gəlib çatıb. Balaca dövlət üçün bu, çox böyük nailiyyətdir”.
Bu sözləri Teleqraf.com-a açıqlamasında sabiq ordu korpusu komandiri, ehtiyatda olan polkovnik Şair Ramaldanov deyib.
Onun sözlərinə görə, ordumuzun qısa müddətdə yüksək döyüş hazırlığına, nüfuza malik olması, ümumilikdə gənc, müstəqil dövlət olan Azərbaycanın gücünü və iqtisadi potensialını nümayiş etdirir:
“Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələrdə xidmət edən şəxsi heyətin sosial problemləri ilə daima maraqlanır. Prezident hər dəfə cəbhə bölgəsinə səfər edəndə müasir tələblərə cavab verən yeni-yeni hərbi şəhərciklərin açılışını edir. Bu gün ucqar bölgələrdə belə xidmət edən hərbçilərimiz üçün hərtərəfli şərait yaradılıb ki, bu da öz növbəsində yüksək döyüş hazırlığının qorunub saxlanılmasını şərtləndirir.
Hərtərəfli təchizatla təmin olunan əsgərlərimiz 6 ay ərzində mənimsədikləri nəzəri və praktiki hərbi məşğələlər nəticəsində müstəqil şəraitdə verilən tapşırıqları yerinə yetirə bilirlər. Hərbçilərimizin sağlamlıq durumuna da çox ciddi diqqət yetirilməkdədir. Bu gün eyni zamanda müasir tibbi avadanlıqlarla təchiz edilmiş hərbi hospitallarımız fəaliyyətdədir. Şəxsi heyətin qida rasionu inkişaf etmiş ölkə ordularının ərzaq normaları ilə müqayisə edilir”.
Ekspert əlavə edib ki, Ali Baş Komandan tərəfindən Silahlı Qüvvələrin sıralarında xidmət edən hərbi qulluqçuların sosial müdafiəsi ildən-ilə gücləndirilməkdədir:
“Mütəmadi olaraq hərbçilərin maaşı artırılır, sosial problemləri həll olunur, onlara yeni, müasir, təmirli mənzillərin orderləri verilir. Son illərdə 1500 zabit ailəsi evlərlə təmin olunub. Ötən gün ölkə başçısı paytaxtın Sabunçu rayonunda 400-ə yaxın ailəni sevindirib və mənzillərin açarları onlara təqdim edilib. Ali Baş Komandanın şəxsən tədbirdə iştirak etməsi hərbçi ailələrinin sevincinə xüsusi rəng qatır. Həmin mənzillər tam təmirlidir və məişət avadanlıqları ilə təmin olunub. Əlbəttə, bu qayğı altında Silahlı Qüvvələrimizdə xidmət edən əsgərlərimiz xidmətə daha fədakarlıq və peşəkarlıqla yanaşır. Bu amil Silahlı Qüvvələrimizin gücünə əlavə güc qatır”.
Bu il ölkədə keçirilən hərbi paradları xatırladan Ş.Ramaldanov qeyd edib ki, Ali Baş Komandanın bilavasitə rəhbərliyi altında keçirilən təlimlər düşməni vəlvələyə salıb:
“Bilirsiniz ki, Azərbaycan Silahlı Qüvvələrinin bölmələri NATO çərçivəsində sülhməramlı missiyada iştirak edir. NATO ildən-ilə Azərbaycana yeni istiqamətdə dəstək üçün müraciət edir. NATO qabiliyyətli, güclü, inkişaf etmiş və peşəkar Silahlı Qüvvələrdən seçimlər edir”.
Ekspertin fikrincə, sıravi əsgərdən tutmuş ali zabit heyətinədək bütün şəxsi heyət Ali Baş Komandanın əmrini yerinə yetirməyə hazır və qadirdir.