İlk növbədə qeyd etmək istərdim ki, Azərbaycan Prezidentinin imzaladığı bu fərman Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, ordu sıralarında və ümumiyyətlə cəmiyyətdə yüksək əhval-ruhiyyənin təmin edilməsi baxımından müstəsna əhəmiyyətə malikdir.
Bunu Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktoru Mahir Abbaszadə deyib.
Prezident İlham Əliyevin aprelin 19-da imzaladığı “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” fərmanına münasibət bildirən Mahir Abbaszadə qeyd edib ki, cənab prezident Ali Baş Komandan kimi hər bir əsgərin və onun ailə üzvünün arxasında durduğunu nümayiş etdirir:
“Hər bir hərbi qulluqçu əmin olmalıdır ki, dövlət onun ailə üzvlərini sahibsiz buraxmayacaq. Vətən uğrunda həlak olmuş hərbi qulluqçuların vərəsələrinə ödənilən vəsait prezident-ordu-xalq birliyinin isbatıdır.
Burada söhbət maddi təminatdan getsə də, əslində bu, bir növ mənəvi borc məsələsidir. Bunun çox böyük mənəvi tərəfi var. Hamı görür ki, prezident və dövlət ordunun ən böyük dayağıdır”.