24 Dekabr 2018 11:10
695
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Cənab İlham Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasət uğurla davam etdirilib, ölkəmiz surətlə inkişaf edib, xalqın rifahı daha da yüksəlib, respublikamız regionda lider dövlətə çevrilib”.

Teleqraf.com xəbər verir ki, bunu Azərbaycan Prezidentinin doğum günü haqda danışan Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfiri Daşqın Şikarov deyib.

Səfir qeyd edib ki, bu illər ərzində prezidentin təşəbbüsü ilə ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi üçün əhəmiyyətli işlər aparılıb, qeyri neft sektorunun inkişaf dinamikasının artırılması məqsədilə nəqliyyat, kənd təsərrüfatı, turizm, sənaye, azad ticarət zonalarının yaradılması və digər sahələr təşviq edilib:

“Azərbaycanın əlverişli geosiyasi məkanda yerləşməsindən məharətlə istifadə edən cənab prezidentimiz, ölkəmizin regionda nəqliyyat qovşağına çevrilməsi istiqamətində mühüm işlər görüb”.

Daşqın Şikarov qeyd edib ki, Azərbaycanın ağrılı məsələsi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəxlaq hüquq normaları əsasında həlli istiqamətində hərtərəfli fəaliyyət davam etdirilir:

“Ölkəmizin ədalətli mövqeyi bütün dünya dövlətləri tərəfindən dəstəklənir, Ermənilərin Xocalıda törətdiyi vəhşiliklər bir sıra ölklər tərəfindən soyqırım kimi tanınıb.
Dağlıq Qarabağ məsələsinin sülh yolu ilə həllinə üstünlük verən cənab prezident, eyni zamanda, Azərbaycan ordusunun döyüş qabiliyyətinin artırılmasını da diqqət mərkəzində saxlayır. Görülmüş işlər nəticəsində Azərbaycan ordusu texniki bacarığı və texnoloji məharətinə görə güclü ordular sırasında qərarlaşıb. 2016-ci ilin aprel ayında Ermənistanın hərbi təxribatına layiqli cavab verilib, düşmən ordusu qısa müddət ərzində darmadağın edilib. 2018-cı il may ayında isə Azərbaycanın əlahiddə ümumqoşun ordusunun əks-həmlə əməliyyatı nəticəsində Naxçıvan Muxtar Respublikası Şərur rayonunun Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub, Dərələyəz mahalının Arpa kəndi isə Azərbaycan ordusunun nəzarəti altına keçib. Döyüşlər nəticəsində, ümumi olaraq, 11,000 hektarlıq ərazi azad olunub. Azərbaycan ordusunun gücünü nümayiş etdirən bu əməliyyatlar Ali Baş Komandanının əmri ilə ordumuzun işğal edilmiş bütün torpaqlarımızı azad etməyə qadir olduğunu sübuta yetirib”.

Səfir 2018-ci ilin İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan üçün uğurlu olduğunu diqqətə çatdırıb.

Səfir son olaraq qeyd edib:

“Prezidentimizin ətrafında sıx birləşən xalqımız əmindir ki, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan günü-gündən çiçəklənəcək, inkişaf edəcək, işğal altında olan torpaqlarımız tezliklə erməni işğalından azad ediləcəkdir. Vətəni sevən hər bir azərbaycanlı kimi biz də böyük sevgi və həvəslə prezidentimizin tapşırıq və qərarlarının həyata keçirilməsi üçün var gücümüzlə çalışacağıq”.

Daşqın Şikarov bu gün 57 yaşı tamam olan dövlət başçısını özünün, eləcə də səfirliyin əməkdaşları adından təbrik edib.


Müəllif: Mənsur Rəğbətoğlu

Oxşar xəbərlər