“Nə qədər güclü olsaq, o qədər sözümüz keçəcək. Güclü ölkənin güclü iqtisadiyyatı, güclü ordusu olur. Bu baxımdan, cənab Prezidentin çıxışını diqqətlə izlədim. Çıxışı zamanı onun səsləndirdiyi fikirlərin hamısı əsaslandırılıb. Düşünürəm ki, qarşıya qoyulan hədəflərə demək olar, çatılıb. Son məqsəd də bəllidir, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır”.
Bunu Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirləri Teleqraf.com-a şərh edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə deyib.
Baş redaktor xatırladıb ki, Azərbaycanın ərazi bütövlüyünün bərpasının vacibliyi barədə BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi var:
“Demək olar ki, bütün beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Hesab edirəm ki, Azərbaycanın bu haqq işinə bütün dövlətlər tərəfindən dəstək verilir. Bu da onu deməyə əsas verir ki, Azərbaycan dövləti çox düzgün xarici siyasət yürüdür. Bu baxımdan, bütün sahələrdə olduğu kimi, Azərbaycan prezidentinin uğurlu xarici siyasəti də göz önündədir. Cənab Prezidentin də vurğuladığı kimi, Azərbaycanın ərazi bütövlüyü qeyd-şərtsiz bərpa olunmalıdır və bunun əksi müzakirə predmeti ola bilməz.
Azərbaycan prezidenti öz çıxışında Azərbaycan ictimaiyyətinin, xalqının ərazi bütövlüyümüzlə bağlı fikirlərini qətiyyətlə ifadə etdi. Buna görə də Azərbaycanın bütün istiqamətlərdə güclü olmasına yönəlmiş düşünülmüş və uğurlu siyasəti var”.
Vüqar Rəhimzadənin sözlərinə görə, güclü Azərbaycan fonunda Ermənistan iqtisadiyyatı günü-gündən tənəzzül edir:
“Vəziyyəti hər keçən gün daha da pisləşən işğalçı Ermənistan güclü Azərbaycanın qarşısında duruş gətirə bilməz. Ağırlaşan vəziyyətə etiraz olaraq, ermənilərin öz ölkələrini tərk etməsi haqda demək olar ki, hər gün yeni faktlar üzə çıxır. Hər il minlərlə insan Ermənistanı tərk edir. Bu, işğalçının ən acınacaqlı vəziyyətdə olduğunun göstəricisidir. Azərbaycan isə bölgədə həyata keçirdiyi beynəlxalq iqtisadi və enerji layihələri, öz potensialı hesabına gücünə güc qatır”.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 24-də Abşeron rayonunda məcburi köçkün ailələri üçün salınmış yeni yaşayış kompleksinin istifadəyə verilməsi mərasimində çıxış edərkən, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı önəmli mesajlar verib.
Prezident İlham Əliyev çıxışında bildirib ki, ölkəmizin ərazi bütövlüyü qeyd-şərtsiz təmin olunmalıdır.