Azərbaycanın əhəmiyyəti və rolu təkcə enerji bazarında deyil, həm də bütövlükdə geosiyasi planda artır. Ölkə daha da inkişaf edir və regionda özünü təsdiqləmək üçün daha çox planları var. Bizim inkişafa, apardığımız müstəqil siyasətə mütənasib olaraq bizə təzyiq də artır. Ancaq bu, enerji amilləri ilə əlaqədar deyil. Bu, bəzən bizi xalqımıza və ölkəmizə tamamilə yad olan hansısa avantüralara cəlb etmək cəhdləri ilə bağlıdır.
Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Rossiya-24” telekanalına müsahibəsində söyləyib.
Dövlətimizin başçısı deyib: “Bizim ölkədə - Azərbaycanda heç bir potensial risk, fiziki, ideoloji, sosial, siyasi təhdid yoxdur. Bizim vətəndaşların rahatlığını yalnız kənardan poza bilərlər. Ona görə də biz öz suverenliyimizlə bağlı məsələlərə, təhlükəsizliyimiz, vətəndaşlarımızın təhlükəsizliyi məsələlərinə çox həssaslıqla yanaşırıq. Ona görə də Azərbaycanı hansısa beynəlxalq avantüralara cəlb etmək cəhdləri həmişə fiaskoya uğrayıb. Yəqin ki, bu, kiminsə xoşuna gəlmir və arabir biz bunun nəticələrini görürük. Bir qayda olaraq bunlar bizim ümumiyyətlə iştirak etmədiyimiz beynəlxalq təşkilatların qəbul etdiyi hansısa qətnamələrdə ifadə olunur”.