"Vidadi İsgəndərli adlı bir anti-milli ünsür özünə məxsus sosial şəbəkə hesablarından tez-tez video yayımlar edərək Azərbaycan xalqını terrora, iğtişaşlar törətməyə səsləyir. O, təkcə bununla kifayətlənməyib, həm də demək olar, hər çıxışında Azərbaycan dövlətçiliyinin simvollarını təhqir edir. Petisiyanı ona görə başlatmışıq ki, Fransada “siyasi sığınacaq” alan, əslində isə Azərbaycanda heç bir siyasi fəaliyyəti olmayan bu şəxsin fəaliyyəti barəsində Fransanın aidiyyatı dövlət orqanları tərəfindən müvafiq tədbirlər görülsün".
Bunu Teleqraf.com-a açıqlamasında Azərbaycanın görkəmli ictimai-siyasi xadimlərini təhqir edən, Fransada yaşayan Vidadi İsgəndərlinin cəzalandırılması üçün başladılan petisiyanın təşəbbüskarlarından biri, siyasi ekspert Ceyhun Əhmədli bildirib.
O qeyd edib ki, petisiyanı başlatmaqda məqsəd məqsədi Azərbaycan dövlətçiliyinin maraqlarını müdafiə etməkdir: "Terrorizmi təşviq edən şəxs Avropada əlini-qolunu sallayaraq gəzə bilməz. Ümid edirik ki, Azərbaycan xalqının hisləri ilə oynayan bu anti-milli məxluq cəzasız qalmayacaq.
Fransız dilində hazırladığımız müraciət də Fransa prezidentinə, Fransa senatına, Fransa polisinə və bu ölkənin digər müvafiq qurumlarına ünvanlanıb. Vətənini, xalqını sevən hər kəsi imzatoplama kampaniyamızda iştirak etməyə səsləyirik. İştirak etmək çox sadə prosedura sahibdir. Petisiyanın linkinə daxil olub müvafiq qaydada ad, soyad və email adresinizi yazıb imzalamalı, daha sonra isə həmin email adresinizə daxil olub imzanı təsdiqləməlisiniz. Bununla da kampaniyada iştirak etmiş olursunuz".