28 Dekabr 2018 14:28
830
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dekabrın 28-da Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHXÇDX) 2018-ci il üzrə xidməti fəaliyyətin yekunlarına həsr edilmiş və 2019-cu il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırışa hazırlıqla əlaqədar müşavirə keçirilib.

SHXÇDX-nin İctimaiyyətlə əlaqələr şöbəsindən Teleqraf.com-a verilən məlumata görı, xidmət rəisi, general-leytenant Arzu Rəhimov müşavirədə Xidmət tərəfindən 2018-ci il ərzində görülmüş işlərə dair hesabat məruzəsi ilə çıxış edib. İdarə şöbə və bölmələrin xidməti fəaliyyətini qiymətləndirib.

Ümummilli lider Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi, Silahlı Qüvvələri ilə bağlı ideya və düşüncələrinin əzmlə gerçəkləşdirilməsi işi bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ali diqqəti və qayğısı nəticəsində uğurla davam və inkişaf etdirilir.
Xidmət rəisi ilk növbədə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında son illər ərzində SHXÇDX-də əldə edilən nəticələri qeyd edib. Xidmətin peşəkar kadrlarla komplektləşdirilməsi, maddi-texniki imkanlarının genişləndirilməsi istiqamətində əsaslı işlər görüldüyünü vurğulayıb.

Müşavirə iştirakçılarının diqqətini həlli vacib olan məsələlərə yönəldən general-leytenant Arzu Rəhimov Xidmətin fəaliyyət istiqamətlərinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkili, vətəndaşların hərbi qeydiyyata alınması, hərbi xidmətə hazırlanması və müddətli hə­qiqi hərbi xidmətə çağırılması, gənclərin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində həyata keçirilmiş işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Xidmət rəisi vətəndaşların qəbulu və müraciətlərinə baxılması, vətəndaş məmnunluğunun təmin olunması işinin davam etdirilməsi istiqamətində tapşırıq və tövsiyələrini çatdırıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində yol verilmiş nöqsanlar təhlil edilib, çatışmazlıqların aradan qaldırılması və gələcəkdə təkrarlanmamasına dair göstərişlər verilib.


Bildirib ki, hazırda SHXÇDX tərəfindən ASAN xidmət mərkəzlərində beş xidmət təqdim olunur, həmçinin elektron xidmətlərin imkanları genişləndirilməkdədir. Müddətli həqiqi hərbi xidmətə göndərilən çağırışçıların təyin olunduqları xidmət yerləri barədə SMS vasitəsilə məlumatlandırıldığı, Xidmətin elektron xidmətləri vasitəsilə məlumat almaq imkanlarının yaradıldığı qeyd edilib. İl ərzində Xidmət tərəfindən ictimaiyyət nümayəndələrinin iştirakı ilə təşkil edilmiş tədbirlərin səmərəli nəticələrinə toxunulub.

Sonra Xidmət rəisi Azərbaycan Respublikası Prezidentinin “Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il oktyabrın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Sərəncamının icrası ilə əlaqədar Xidmət tərəfindən həyata keçiriləcək tədbirlərin təşkili ilə bağlı zəruri məsələlərə diqqət çəkib.

Müşavirəyə yekun vuran general-leytenant Arzu Rəhimov 2019-cu ildə SHXÇDX tərəfindən görüləcək işlər və xidməti fəaliyyətin daha yüksək səviyyədə təşkil olunması barədə tapşırıqlarını verib.

Hesabat müşavirəsində 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və eləcə də Yeni il bayramı münasibətilə SHXÇDX-nin şəxsi heyətini təbrik edən Xidmət rəisi bildirib ki, qurumun hər bir əməkdaşı üzərinə düşən vəzifələrini şərəf və ləyaqətlə yerinə yetirəcək.

Müşavirənin sonunda xidmətdə fərqlənən hərbi qulluqçulara Xidmət rəisinin əmri ilə təltif­lər təqdim olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər