Nizami Cəfərov: “Türkiyə artıq ermənilərə lazımi jestləri edib”
“Türkiyənin yeni seçilən prezidenti Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində Azərbaycan dövlətinin iştirakı mühüm məsələdir. Ümumilikdə götürdükdə isə cənab Ərdoğan hakimiyyətinə ümidlərimiz çoxdur. Azərbaycan və Türkiyənin strateji dostluğu çərçivəsində Dağlıq Qarabağ probleminin həllinin tezləşdirilməsi üçün daha mühüm şərait yaradılmalıdır”.
Teleqraf.com-un məlumatına görə, bunu Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, iki dövlət arasındakı münasibətlər əslində xalqımızın qardaşlığının və nə qədər yaxın olduğunun göstəricisidir. Onun sözlərinə görə, hakimiyyətdə kimin olmağından asılı olmayaraq, bu münasibətlər möhkəm və prinsipial bir dəyişikliklə müşayiət oluna bilməz.
“Ermənilər həmişə arzuladıqları xəyalları müxtəlif yollarla həyata keçirməyə cəhd edirlər. Lakin Türkiyə artıq ermənilərə lazımi jestləri edərək bəyan etdi ki, Dağlıq Qarabağ probleminin həllinə yardımçı olmalıdırlar. Ancaq həmişəki kimi, ermənilər bunu etmədilər. Ermənistan Azərbaycanın işğal etdikləri torpaqlarını azad etməyincə heç bir sərhədin açılmasından söhbət gedə bilməz. Bunu həm Türkiyə xalqı, həm də cənab Ərdoğan bəyan edib” – deyə, N.Cəfərov vurğulayıb.
Səxavət