Bu gün Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutunun (RATİ) rəhbəri Emin Hüseynovun anası Firəngiz Hüseynova Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilir. O, saat 15.00-dan prokurorluqda ifadə verir.
Teleqraf.com.com bildirir ki, bu barədə Turan Agentliyi məlumat yayıb.
Bu gün həmçinin RATİ-nin mühasibi Tatyana Kryuçkina üç saat Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində olub. Tatyana Kryuçkina avqustun 21-də və 26-da da şahid qismində dindirilib.
Avqustun 25-də RATİ-nin digər əməkdaşı Əbülfət Namazov 3 saatadək Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində şahid qismində dindirilib. Avqustun 14-də RATİ-nin sədr müavini Günay İsmayılova dindirilib.
Avqustun 8-də Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi RATİ-nin ofisində axtarış aparıb. Ofisdən 15 kompüter (prosessor və monitor), 7 noutbook, 3 kamera, 12 fotoaparat, çoxsaylı yaddaş kartları, 200-dən çox videokaset, 200-dək disklər, 20-dən çox hard disklər, təhlükəsizlik kamerasının yaddaş diski, çoxsaylı sənədlər - qrant müqavilələri, mühasibatlıq sənədləri, hüquqi sənədlər, möhürlər götürülüb.
RATİ-nin direktoru Emin Hüseynovun ata evindən isə anasına məxsus kompüter, planşet və bir neçə sənəd götürülüb.
Avqustun 11-də isə prokurorluq RATİ-nin ofisinin qapılarını möhürləyib. Bununla da təşkilatın fəaliyyəti faktiki olaraq dayanıb.
RATİ-nin rəhbəri Emin Hüseynov və onun qardaşı Mehman Hüseynovun harada olduğu hələ də məlum deyil.
Bu ilin mayında Azərbaycanın bir sıra qeyri-hökumət təşkilatları və xarici qeyri-hökumət təşkilatlarının filial və nümayəndəliklərinin fəaliyyətlərində aşkar edilmiş qanun pozuntuları faktlarına dair Ədliyyə Nazirliyindən Baş Prokurorluğa daxil olmuş materiallar üzrə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Cinayət işi üzrə çoxsaylı ev və ofislərdə axtarış aparılıb. Çoxsaylı QHT-lərin və fiziki şəxslərin bank hesablarına həbs qoyulub. Artıq 4 nəfər QHT fəalı həbs edilib.