12 Yanvar 2019 08:28
786
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biz keçən il ordumuzun maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı çox böyük işlər gördük. İki dəfə keçirilən hərbi paradda biz texnikamızın bir hissəsini nümayiş etdirdik. Mən onların arasında əlbəttə ki, xüsusilə uzaqmənzilli “Polonez” və “LORA” raket sistemlərini qeyd etmək istərdim. Qarşı tərəfin bu sistemlərə qarşı heç bir müdafiə imkanı yoxdur. Bu sistemlər 300 kilometr və ondan çox məsafəni qət edərək çox yüksək dəqiqliklə və böyük dağıdıcı qüvvə ilə istənilən hərbi hədəfi məhv edə bilər. Mən bir daha demək istəyirəm, düşmənin elə bir hərbi hədəfi yoxdur ki, biz onu dəqiqliklə məhv edə bilməyək.

Teleqraf.com xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Dövlət başçısı deyib: “Bu sistemlərin əldə edilməsi əlbəttə ki, bizim hərbi gücümüzü daha da artırır. Eyni zamanda, keçən il yeni pilotsuz döyüş uçuş aparatlarının əldə edilməsi bizim hərbi gücümüzü daha da artırır. Əlbəttə ki, son illər ərzində hava hücumuna, raket hücumuna qarşı aldığımız sistemlər müdafiə potensialımızı gücləndirir və digər sistemlər bizim hücum gücümüzü artırır. Bunu hər kəs bilir. Hərbi sahədə baş verən hadisələr heç kim üçün sirr deyil. Qarşı tərəf də - düşmən də bilir və bilməlidir ki, bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır və bu il bu istiqamətdə əlavə addımlar atılacaq”.


Müəllif: Teleqraf.com