Los-Ancelesdəki baş konsulluq: “Bu, əsl siyasi korrupsiyadır”
Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bəyanat yayıb. Baş konsulluqdan Teleqraf.com-a daxil olan bəyanatda deyilir:
“Məlum olduğu kimi, Kaliforniyadakı erməni lobbisinin güclü təzyiqləri altında anti-Azərbaycan xarakterli qətnamə artıq bir neçə müddətdir ki, Kaliforniya Senatının gündəliyində idi. Qətnamə gündəliyə gətirilən andan Azərbaycanın Los-Ancelesdəki baş konsulluğu bütün senatorlara dəfələrlə məktub göndərmiş, onlarla çoxsaylı görüşlər keçirilmiş, qətnamənin tam qərəzli, ABŞ xarici siyasətinə zidd olduğu, o cümlədən etnik təmizləməyə, qanunsuz işğala haqq qazandırdığı diqqətə çatdırılmışdı. Bundan başqa Kaliforniyadakı Azərbaycan icması səfərbər olmuş, Senata müxtəlif vasitələrlə öz etirazlarını çatdırmışdılar. Nəticədə 1 milyon erməninin yaşadığı Kaliforniya kimi ştatda erməni lobbisinin dəridən-qabıqdan çıxmasına, Kaliforniya qanunverici orqanının iki erməni deputatının bütün səylərinə, ermənilər tərəfindən hədə-qorxu, şantaj və digər vasitələrlə senatorlara göstərilən təzyiqlərə baxmayaraq avqustun 27-də keçirilən səsvermədə 40 senatordan 17-si qətnamənin lehinə səs verməkdən imtina edib.
Eyni zamanda erməni lobbisindən öz seçki kampaniyaları üçün daim külli miqdarda maliyyə dəstəyi alan, beləliklə, onlardan tam asılı vəziyyətdə olan senatorlar lobbini razı salmaq üçün bu qətnaməyə səs veriblər. Bu isə əsl siyasi korrupsiyadır. Buna başqa ad vermək mümkün deyil. Bu həmçinin, ABŞ demokratiyasının və siyasi sisteminin qüsurlu olmasının bariz göstəricisidir. Hansısa etnik lobbi razı qalsın deyə, ABŞ-ın rəsmi mövqeyinə və milli maraqlarına zidd olan belə qətnamənin qəbulunun mümkün olması göstərir ki, Amerika siyasi sisteminin təcili şəkildə ciddi islahatlara ehtiyacı var.
Bir fakt da qeyd edilməlidir ki, bu qətnamə Kaliforniya qanunvericilik orqanında Dağlıq Qarabağla bağlı qəbul edilmiş ilk qətnamə deyil. 1993, 1997 və 1999-cu illərdə də oxşar məzmunlu qətnamələr qəbul edilib. Ancaq nə o qətnamələrin, nə də bu qətnamənin hər hansı hüquqi-siyasi önəmi var. Bunlar yalnız deklarativ xarakterli kağız parçalarıdır. Bütün dünya, eləcə də ABŞ Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır. Və belə kağız parçaları bu mövqeyi dəyişmək iqtidarında deyil”.
Səxavət