14 Yanvar 2019 22:00
996
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Azərbaycan Resublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən struktur islahatları əslində 2015-ci ildən bəri həyata keçirilən dərin hüquqi və institusional islahatların davamı kimi xarakterizə edilməlidir".

Bunu Teleqraf.com-a açıqlamasında "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu ölkədə aparılan struktur islahatlarına münasibət bildirərkən qeyd edib.

Millət vəkilinin sözlərinə görə, Azərbaycan dinamik və hərtərəfli inkişaf edən bir ölkədir və bu inkişaf daha çevik struktura malik olan optimal idarəetmə tələb edir: "Çünki məqsəd əldə edilən naliyyətlərin davamlılığını təmin etməklə gələcək üçün daha səmərəli şərtlər formalaşdırmaqdır. Ona görə də bir-biri ilə paralel olan, yaxud səmərəliliyi arzu edilən səviyyədən aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi, yaxud da daha cevik mexanizmlərlə əvəzlənməsi idarəetmənin aktual tələbi kimi meydana çıxmışdı. Prezident İlham Əliyevin fərmanı ilə həyata keçirilən struktur islahatları da məhz bu sahənin tənzimlənməsini təmin edəcək. Həyata keçirilən islahatlar idarəetmənin optimallaşdırılması ilə yanaşı onun səmərəliliyini də artıracaq və davamlı hal alacaqdır. Çünki hazırda malik oluğumuz siyasi- iqtisadi sistemin modernist səciyyəsi daim yenilik tələb etməklə bütün sahələr üzrə ölkəmizin rəqabət qabiliyyətliliyini artırır. Hazırda dünyanın bir çox reytinq təşkilatları müxtəlif sahələr üzrə Azərbaycanın inkişaf indeksini ən yüksək pillələrdə müəyyən edir. Əgər bunun gələcəkdə də belə olmasını istəyiriksə, bütün sektorlarda, o cümlədən idarəetmədə islahatlar davam etdirilməlidir ki, hazırda biz buna şahidlik edirik".

H.Babaoğluna görə, məsələnin ən vacib tərəflərindən bir də budur ki, indiyədək həyata keçirilən islahatlar nəticəsində iqtisadiyyatın, sənayenin, ən müxtəlif sahələrində olduqca münbit biznes mühiti yaranıb: "Ümumi daxili məhsul istehsalı sahəsində özəl sektorun xüsusi çəkisi kifayət qədər artıb və bu da bir sıra bəzi sahələrdə dövlət tənzimləməsini zəruri etmir. Ona görə də gələcəkdə həmin sahələri tənzimləmək üçün mövcud olan bir sıra qurumlarda da idarəetmənin təkmilləşdirilməsi ilə bağlı müvafiq addımlar atla bilər. Beləliklə, idarəetmə aparatını süni şəkildə ağırlaşdıran struktur vahidləri və onlara ayrılan xərclər inkişafın digər aktual sektorlarına yönəldilməklə daha səmərəli nəticələr əldə etməyə imkan yaradar. Ümumiyyətlə, struktur islahatları desentrilizasiya siyasətinin tərkib hissəsi olmaqla dövlətin yükünü azaltmağa, liberal iqtisadi münasibətlərin formalaşmasına və yerli özünüidarəetmə institutlarının səmərəliliyinin artmasına böyük töhfələr verəcəkdir".


Müəllif: Teleqraf.com