14 Yanvar 2019 22:13
2 538
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan xarici işlər naziri Zohrab Mnatasakanyan İsraildə nəşr olunan “Yerusəlim Post” qəzetinə müsahibəsində Yerevanda İsrailin diplomatik nümayəndəliyinin açılacağına ümid etdiyini bildirib.

Teleqraf.com xəbər verir ki, Mnatasakanyanın yəhudi nəşrinə müsahibəsindən sonra İsrail-Azərbaycan münasibətləri fonunda Təl-Əviv və İrəvan arasındakı soyuq münasibətlər yenidən erməni KİV-də müzakirəyə çıxarılıb.

“Asparez” qəzeti Ermənistanın yeni hakimiyyətinin İsraillə münasibətləri qaydasına salmağa çalışdığını qeyd edir. Lakin erməni nəşri İsrail və Ermənistan arasındakı münasibətlərin heç vaxt İsrail-Azərbaycan münasibətləri səviyyəsinə qalxa bilməyəcəyini də vurğulayır.

“Asparez” İsraili Ermənistan üçün itirilmiş “böyük bir siyasi meydan” adlandırır və bu meydanda onun Azərbaycana birdəfəlik uduzduğunu yazır:

“İrəvanın İsraillə münasibətləri qaydasına salmaq axtarışlarını Bakı və Təl-Əviv arasındakı yaxınlaşma baxımından qiymətləndirmək lazımdır. İsrail Azərbaycanı Ermənistanla müharibədə dəstəkləyən və silahlandıran ölkədir. İsrailli mütəxəssislər Azərbaycan hərbçilərinə təlim keçirlər. Habelə, ölkələr arasında milyardlarla dollar dəyərində hərbi müqavilələr imzalanıb. Siyasi baxımdan da İsrail təktərəfli formada Azərbaycanın maraqlarını ifadə edən siyasət yürüdür.

Qarabağ münaqişəsində də vəziyyət eynidir. İsrail bu məsələdə Türkiyə ilə birlikdə Azərbaycanla hərəkət edir. İki ölkənin cəmiyyətləri də münasibətlərin dərinləşməsinə dəstək verir. Beləliklə, Azərbaycanda çoxlu sayda İsrail təşkilatları, məktəbləri, sinaqoqları və qəzetləri fəaliyyət göstərir”.

“Asparez” İsrail-Ermənistan münasibətlərinin normallaşacağına dair rəsmi İrəvanın ümidsiz olduğunu da qeyd edir:

“Baş verənlər fonunda, Ermənistan-İsrail münasibətlərində irəliləyişin olacağı inandırıcı görünmür. İqtisadi və digər sahələrdə müəyyən dəyişiklik ola bilər, amma bu münasibətlər heç vaxt İsrail-Azərbaycan münasibətləri səviyyəsinə çatmayacaq”.


Müəllif: Mənsur Rəğbətoğlu