Müsavat Partiyası başqanlığa namizədlərə müraciət edib.
Teleqraf.com xəbər verir ki, müraciəti Müsavat fəalı, Arif Hacılının başqanlığa namizədliyini müdafiə edən Kəmalə Bəhlulova facebook.com sosial şəbəkəsində yayıb.
Müraciətdə deyilir: “Müsavat Partiyasının VIII qurultayında keçiriləcək seçkilərdə iştirak etmək üçün namizədlərin irəli sürülməsinə və təşviqat kampaniyasına start verildi.
Namizədlərin irəli sürülməsi 17 sentyabr saat 10.00-dək davam edəcək.
Qəbul olunmuş davranış qaydalarına hər bir müsavtçının əməl edəcəyinə inanıram.
Müsavat və xalqımız üçün uğurlu olsun! Müsavat Partiyasının VIII qurultayında keçiriləcək. Seçki kampaniyası zamanı davranış qaydaları
(aşağıda qeyd olunanlar yolverilməz hesab edilir)
1. Təşviqat zamanı Müsavat Partiyasının Nizamnaməsinə zidd olaraq dini, milli, irqi və etnik ayrı-seçkiliyə rəvac vermək.
2. Müsavat Partiyasının Proqramında əks olunan təməl prinsiplərə zidd ifadələr işlətmək.
3. Alternativlərinin ünvanına onun şəxsiyyətini aşağılayan, faktlara söykənməyən, “satqın”, “hakimiyyətin adamı”, “Müsavatın düşməni”, “cəsus, agent”, etnik və ya region mənsubiyyətini fərqləndirmə və s. kimi ifadələr işlətmək.
4. Qurultay nümayəndələrinə maddi yardım təklif etmək və ya göstərmək, görüş zamanı və ya görüşdən sonra namizədin hesabına haqqı ödənilən ziyafət vermək, namizədin kampaniyasında Müsavat Partiyasının maliyyə resurslarından istifadə etmək, qurultay nümayəndələrinin nəqliyyat xərclərinin namizədlər tərəfindən ödəmək (zəruri hallarda qurultay nümayəndələrinin nəqliyyat xərclərini ödəmək QHTK-da həll oluna bilər).
5. Qurultay günü qurultay nümayəndələrinə təbliğat xarakterli siyahılar paylamaq.
6. Namizədlərə Müsavat Partiyası qərargahının otaqlarından, zalından, texniki vasitələrindən və digər resurslarından istifadəyə qadağa qoymaq.
7. Namizədin təşkil etdiyi görüşlərə mane olmaq və görüşləri pozmaq.
8. Say komissiyasının sədri, müavini və üzvləri təbliğat işində iştirak edə bilməz.
9. Başqanlığa namizədlərin partiya başqanının adından sui-istifadə etməsinə yol verilmir.
Qeyd: Yuxarıda qeyd olunanlar KİV-lərdə və sosial şəbəkələrdə aparılan
təşviqat kampaniyasını da əhatə edir.
Cavidan