16 Yanvar 2019 16:04
1 484
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov erməni həmkarı Zohrab Mnatsakanyanla Fransanın paytaxtı Parisdə görüşəcək.

Teleqraf.com xəbər verir ki, bu ilin ilk görüşündə də, Ermənistan-Azərbaycan (Dağlıq Qarabağ) münaqişəsi ətrafında müzakirələr aparılacaq.

Azərbaycan və Ermənistan Xarici İşlər Nazirliklərinin açıqlamasında bildirilib ki, görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri – İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa) və Endryu Şaffer (ABŞ) iştirak edəcəklər. ATƏT-in xüsusi nümayəndəsi Anji Kasprşik də görüşə qatılacaq.

Görüşün həmsədrlərin vasitəçiliyi ilə keçiriləcəyi də diqqətə çatdırılıb.

Qeyd edək ki, Ermənistanın yeni hakimiyyəti ilə rəsmi Bakı arasında danışıqlar keçən ilin iyul ayından başlayıb. Mnatsakanyan və Məmmədyarov arasında ilk görüş də həmin ay Brüsseldə (Belçika) keçirilib.

Bu gün Parisdə nəzərdə tutulan görüş isə Ermənistanın yeni hakimiyyəti ilə sayca dördüncü olacaq. Görüş üçün Fransaya getməmişdən əvvəl Zohrab Mnatsakanyan Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsinə gələrək, rəsmi İrəvanın münaqişənin dinc yolla həllində maraqlı olduğunu və bu istiqamətdə danışıqlara hazırlıqlı olduğunu açıqlayıb.

Əlavə edək ki, keçən ilin may ayında rəsmi İrəvan Dağlıq Qarabağ münaqişəsi üzrə proqramı yenilədiyini bildirmişdi. Proqramın tam detalı açıqlanmasa da Mnatsakanyan açıqlama yayaraq, Qarabağın təhlükəsizliyinin rəsmi İrəvan üçün prioritet olduğunu demişdi. Nazirin bu iddiası Ermənistan KİV-də “Paşinyan Qarabağı Azərbaycana qaytarır” iddiasının yayılmasına yol açmışdı.

Bu günədək baş tutan danışıqlarda isə tərəflər əsasən münaqişənin dinc yolla həllinə təkan verəcək atmosferin yaradılması, atəşkəs rejiminin pozulması hallarının qarşısının alınması, risklərin azaldılması mexanizmlərinin genişləndirilməsi kimi məsələlər ətrafında müzakirələr aparıblar.

Keçirilən hər bir görüşdə qarşılıqlı olaraq, gərginliyi artıracaq ittihamlardan imtina edilməsi məsələsinə də diqqət çəkilib.

Nazirlərin son görüşü isə ötən ilin son günlərində - dekabrın 5-də Milanda (İtaliya) keçirildi. Görüşdən sonra Məmmədyarov və Mnatsakanyan buna oxşar formatlarda müzakirələrin davam etdirilməsi təklifi ilə razılaşdıqlarını açıqladılar.

Daha sonra isə Azərbaycan xarici işlər naziri uzun zamandan sonra ilk dəfə erməni həmkarı ilə qarşılıqlı anlaşma əldə etdiyini bildirdi və qeyd etdi ki, 2019-cu ildə Qarabağ münaqişəsinin həll edilməsi rəsmi Bakının prioriteti olacaq. Bu, uzun illərdir tərpənməz qalan münaqişənin həllinə olan ümidləri yenidən artırdı.

Ermənistan Xarici İşlər Nazirliyinin Elmar Məmmədyarovun açıqlamasına verdiyi cavab da əhval-ruhiyyəni bir qədər də yüksələtdi:

“Zohrab Mnatsakanyan və Elmar Məmmədyarov yüksələn dinamikanı qorumaq üçün anlaşdılar”.

Ermənistan XİN-in mətbuat katibi Anna Nağdalyanın son açıqlamasında Milan görüşünə diqqət çəkilib:

“Mnatsakanyan Milan görüşündən sonra verdiyi açıqlamada Düşənbədə Ermənistan və Azərbaycan rəhbərləri arasında müsbət anlaşmanın olduğunu təsdiq etdi. Bu, özündə münaqişə bölgəsində gərginliyi azaltmağı və xalqları sülhə hazırlaşdırmağı ehtiva edir. Tərəflər bunun üçün birgə səylərini davam etdirməyi və özündə düşmənçiliyi ehtiva edən ittihamlardan imtina edilməsini də razılaşdırıblar”.


Müəllif: Mənsur Rəğbətoğlu