19 Yanvar 2019 15:10
475
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Lion şəhərində Azərbaycanla bağlı tədbir keçirilib.

Bu barədə Teleqraf.com-a assosiasiyadan məlumat verilib.

Məlumata görə, tədbir Azərbaycanda qadınlara seçib-seçilmə hüququ verilməsinin 100 illiyinə həsr olunmuş silsilə tədbirlər çərçivəsində təşkil olunub.

Tədbiri assosiasiyasının sədri Günel Səfərova açaraq Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayevə Azərbaycan mədəniyyətinin Fransa regionlarında təbliğ olunmasındakı dəstəyinə görə təşəkkürünü bildirib.

Azərbaycanın Fransadakı səfirini təmsil edən Vaqif Ağayev Azərbaycan mədəniyyətinin qorunması və dünyada tanınmasında Heydər Əliyev Fondunun müstəsna işindən danışaraq muğam sənəti barədə məlumat verib. Eyni zamanda Azərbaycan Xalq Cümhuriyyətinin 21 iyul 1919-cu il tarixdə dilindən, dinindən və cinsindən asılı olmayaraq 20 yaşdan yuxarı hər bir vətəndaşı seçib-seçilmə hüququnun verilməsinin qanuniləşdirilməsini qeyd edib.

Tədbirdə həmçinin Azərbaycanın Fransadakı səfirliyinin birinci müşaviri, Türkiyənin Liondakı Baş konsulu və konsulluq əməkdaşları, Əlcəzairin Liondakı Baş Konsulluğunun mədəniyyət işləri üzrə müavini, Lion Milli Musiqi və Rəqs Konservatoriyasının direktor müavini, Auvergne-Rhone-Alpes regionunun Ticarət Palataları Federasiyasının prezidenti, Fransa-Türkiyə Ticarət Palatasının Baş katibi, habelə Lion sakinləri, fransız ictimai-siyasi xadimlər iştirak ediblər.


Müəllif: Səxavət