20 Yanvar 2019 21:16
492
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Mən şəxsən öz adımdan və Azərbaycan parlamenti ilə qarşılıqlı fəaliyyət göstərən deputat qrupu adından 1990-cı ilin yanvarında baş vermiş müdhiş faciə ilə bağlı başsağlığı vermək istərdim”, - deyə Rusiya-Azərbaycan parlamentlərarası qrupun rəhbəri Dmitri Savelyev Azərbaycanın Moskvadakı səfirliyində “Qara Yanvar” qurbanlarının xatirəsinə həsr edilmiş tədbirdəki çıxışında bildirib.

Teleqraf.com xəbər verir ki, deputat bir həftə əvvəl Bakıya səfəri zamanı Şəhidlər xiyabanını ziyarət etməsindən, həlak olanların başdaşılarında əks olunan simalarına diqqətlə baxmasından danışıb. “Onlar günahsız insanlar - kişilər, qadınlar, uşaqlar idi. Onlar həm azərbaycanlılar, həm ruslar, müxtəlif millətlərin nümayəndələri, Sovet İttifaqının vətəndaşları idilər. Onlar həmin gecə eyni amalla ədalətsizliyə qarşı etiraz etmək üçün çıxmışdılar”, - deyə deputat xatırladıb.

D.Savelyev hələ də bu hadisələrə lazımi siyasi qiymət verilmədiyini qeyd edib: “Əfsuslar olsun ki, bu dəhşətli fakta, SSRİ-nin o vaxtkı rəhbəri Mixail Qorbaçovun əməllərinə lazımi qiymət verilməyib. Mən fikirləşirəm, Sovet İttifaqının o vaxtkı lideri belə cinayətkar əmri necə verə bilərdi? Bu, xalqa qarşı cinayətkarlıqdır. Hazırda isə Nobel mükafatı laureatı Mixail Qorbaçov yaşayır və sağ-salamatdır. Əgər o vaxt dahi Heydər Əliyev Sovet İttifaqının rəhbəri olsaydı, bu, heç vaxt baş verməzdi. Yəqin ki, Sovet İttifaqı qorunub saxlanılardı, başqa bir ölkəyə çevrilə bilərdi”.

Siyasətçi vurğulayıb ki, hazırda bizim iki müstəqil dövlətimizə güclü liderlər rəhbərlik edir. Onlar buna bənzər faciələrə heç vaxt imkan verməzlər. “Biz rusiyalılar dərdinizə şərik çıxır və bu dəhşətli faciəni xatırlayırıq. Nə qədər ki, biz sizinlə bunu xatırlayırıq, dövlətlərimizin ərazisində bu cür faciələr heç vaxt baş verməyəcək”, - deyə D.Savelyev bildirib.

/Azərtac/


Müəllif: Teleqraf.com