21 Yanvar 2019 16:47
625
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Milli Məclisin sədri Oqtay Əsədov Səudiyyə Ərəbistanının Şura Məclisinin ölkəmizlə parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Teleqraf.com xəbər verir ki, görüş zamanı iki ölkə və ölkələrin parlamentləri arasındakı münasibətlər müzakirə edilib.

Oqtay Əsədov bildirib ki, Səudiyyə Ərəbistanı bütün dünya müsəlmanlarının görüşdüyü bir məkandır və xalqımızın qəlbində bu məkanın xüsusi yeri var:

“Müstəqil Azərbaycan Səudiyyə Ərəbistanı ilə qarşılıqlı əlaqələrin inkişafına həmişə böyük önəm verib. Prezident İlham Əliyevin bu ölkəyə səfərləri zamanı aparılan danışıqlar əməkdaşlığımızın inkişafında yeni səhifə açıb. Bu günədək ölkələrimiz arasında 20 hüquqi sənəd imzalanıb, 11-i üzərində iş davam etdirilir.
İqtisadi sahədə əlaqələrimiz inkişaf etməkdədir. Azərbaycanda Səudiyyə Ərəbistanı investisiyalı 16 müəssisə fəaliyyət göstərir. Onların fəaliyyət dairəsi, əsasən bank, sığorta, sənaye, xidmət və ticarət sahələrini əhatə edir. Azərbaycandakı münbit biznes mühiti ölkəmizi biznes yatırımları üçün cəlbedici edir.
Parlamentlər səviyyəsində münasibətlərimiz də yüksələn xətlə inkişaf etməkdədir”.

Spiker bu ölkəyə səfərini və orada keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qeyd edib ki, Azərbaycan parlamentinin 100 illiyinə həsr olunmuş təntənəli iclasda Səudiyyə Ərəbistanı Şura Məclisinin sədri Abdulla bin Məhəmməd bin İbrahim Əl-Şeyxin iştirakını yüksək qiymətləndirir.

O.Əsədov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində dəyişməz ədalətli mövqeyinə, bu günədək işğalçı Ermənistanla diplomatik münasibətlər qurmadığına görə qarşı tərəfə minnətdarlığını ifadə edib, Səudiyyə Ərəbistanı parlamentinin gələcəkdə Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcəyinə ümidvar olduğunu söyləyib.

Səudiyyə Ərəbistanının Şura Məclisinin Azərbaycanla parlamentlərarası dostluq komitəsinin sədri Fayez bin Abdulla Əl-Şəhri ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını deyib.

Qonaq Milli Məclis sədrinin və onun başçılıq etdiyi nümayəndə heyətinin beynəlxalq təşkilatlardakı iştirakını yüksək qiymətləndirib.
Qonaq ölkəsinin müstəqil Azərbaycanla siyasi, iqtisadi, mədəni sahələrdə münasibətlərin daha da dərinləşməsində maraqlı olduğunu söyləyib.

O, bölgənin ən ağrılı problemlərindən olan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində Azərbaycanın ərazi bütövlüyü prinsipi əsasında həllinə tərəfdar olduqlarını bir daha bəyan edib.


Müəllif: Cavad