“Nədən iki yaxın ölkənin münasibətləri bu həddə çatdı? Digər tərəfdən, bu vəziyyətin iki ölkə arasında gedən siyasi proseslərə təsiri böyükdür. Ukraynalıları müəyyən qədər anlamaq olar. Onlar deyirlər ki, Rusiyada onları “axmaq” adlandırırlar. Rusiyanın nəyi sübut etmək istədiyini anlamaq olmur. Rusiya nə deməsindən asılı olmayaraq, ona inam yoxdur. Belə vəziyyətdə ən yaxşı variant yarı yoldan qayıtmaq və Ukraynaya “bu sən, bu da sənin gedəcəyin yol”, demək lazımdır. Ukraynada yaşayan ruslar da sakit formada orada yaşamaqda davam edə bilər”.
Bu fikirləri Teleqraf.com-a politoloq Rasim Ağayev Rusiya-Ukrayna münasibətləri və Ukraynada martda keçiriləcək prezident seçkiləri haqqında danışarkən deyib.
Rasim Ağayev əlavə edib ki, əgər Rusiya Ukraynadan imtina etsə, qısa müddət sonra Ukraynada durum pisləşəcək:
“Çünki Ukraynanın iqtisadi vəziyyəti, insanlarının yaşayışı Rusiya ilə bağlı olub. Qərbi Ukrayna istisnadır. Rus hökuməti və siyasətçilərinin Ukrayna böhranının həllini tapa bilməməsi düşündürücüdür. Fakt odur ki, Ukrayna Rusiyaya qardaş və dost olmaq istəmir. Ukrayna xalqı bunu istəmirsə, sən necə onu məcbur edə bilərsən? Rusiyada nədənsə bunu bacarmırlar. Rusiyanın xarici siyasəti və gələcək durumu Ukrayna problemini həll etmədən irəliyə gedə bilməyəcək. Üstəlik, arada Krım məsələsi də var. Hesab edirəm ki, Ukraynada da vəziyyət gərgindir. Proseslər bu formada inkişaf etsə, 5-10 ildən sonra iki dövlət arasında açıq hərbi qarşıdurma baş verə bilər. Hazırda Rusiyanın iqtisadi durumu, daxili siyasəti o qədər də uğurlu deyil”.
Martda Ukraynada prezident seçkilərinin keçiriləcəyini qeyd edən Rasim Ağayev hesab edir ki, əsas rəqabət Timaşenko və Poroşenko arasında olacaq:
“Yuliya Timaşenkonun müəyyən qədər elektoratı var, ancaq Timaşenko Ukraynanın dünənidir. Seçki dövründə ortaya yeni qüvvə çıxa bilməsə, indiki prezident Poroşenko öz mövqelərini möhkəmlədə biləcək. Yəni yenidən prezident seçilə biləcək. Başqa siyasi qüvvələr də bununla razılaşacaq. Ukraynada bir çox qüvvələri Poroşenko müəyyən qədər qane edir. Çünki Timaşnko və digər siyasətçilərlə müqayisədə Poroşenko ilə daha asan dil tapmaq mümkündür. Poroşenko da ikinci müddətdə nəsə də bilər. Yox, əgər Timaşenko prezident seçilsə, qısa müddətdən sonra Ukraynada daha ciddi xaos müşahidə olunacaq. Üstəlik, cəmiyyət də yorulub. Neçə illərdir Rusiya ilə qarşıdurma var. Bundan əvvəl, 1990-cı illərdə keçid dövrü yaşanıb. Bu prosesin bir sonu olmalıdır. Məhz bu səbəbdəndir ki, Ukraynadan Qərbə doğru miqrant axını çoxalıb. Son 10 ildə 2 milyona yaxın ukraynalı miqrasiya edib. Bu prosesdə cəmiyyətin intellektual qismi də iştirak edir. Odur ki, Poroşenkonun qalması ukraynalılar üçün daha münasibdir”.