Bərdə rayonunda iki azyaşlı uşağın küçəyə atılması ilə bağlı cinayət işi başlanılıb.
Qazaxın Kəmərli kənd sakini, 1984-cü il təvəllüdlü Yeganə Osmanovanın iki azyaşlı uşağı Bərdə rayonu, S. Vurğun küçəsinə atması faktı ilə bağlı Bərdə rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 143-cü (Təhlükədə qoyma) maddəsilə cinayət işi başlanıb. Cinayət işi istintaq edilməsi üçün Bərdə rayon Prokurorluğuna göndərilib.
Hazırda polis və prokurorluq orqanları əməkdaşları tərəfindən zəruri istintaq hərəkətləri aparılır.
Bundan başqa, uşaqların təhlükəsizliyinin təmin edilməsi və aidiyyəti üzrə təhvil verilməsi üçün Rayon İcra Hakimiyyəti, xəstəxana və polis şöbəsinə məlumat verilib.
Xatırladaq ki, fevralın 2-də gecə saatlarında Bərdə rayonundakı şadlıq evlərinin birinin qarşısından 1 və 2 yaşlı iki uşaq aşkarlanıb. Uşaqlar təcili tibbi yardım briqadası ilə xəstəxanaya yerləşdirilib. Uşaqların anasının şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı Bərdə rayon Polis Şöbəsində araşdırma aparılır.