Fevralın 8-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana gələcək.
İqtisadiyyat Nazirliyindən Teleqraf.com-a bildirilib ki, səfər çərçivəsində əvvəlcə Azərbaycan ilə Rusiya dövlət sərhədində hər iki ölkənin nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçirəcək. Bu layihələr Azərbaycanın nəqliyyat-tranzit imkanlarının reallaşmasında əhəmiyyətli olmaqla yanaşı, Azərbaycan-Rusiya əməkdaşlığına, iki ölkə arasında artan ticarətin daha da genişlənməsinə əlverişli şərait yaradacaq.
Fevralın 9-da isə Hacıqabul Sənaye Məhəlləsində Azərbaycan-Rusiya iqtisadi əməkdaşlığının inkişafı imkanları müzakirə ediləcək, Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın “Qaz Qrup” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulacaq.